Araik Kəlbəcərdəki erməni postlarını gəzdi, Xudavəng məbədini müşahidə etdi…

03.01.2022 13:46     Siyasi reaksiya     550

"Bunlar gerçəklikdir. Qətiyyən eyforiyaya qapılaraq "düşmən daha tam məhv oldu", "qalib gəldik" deyə arxayınlaşmaq olmaz..."

Azərbaycanın bəzi media vasitələri 44 günlük savaşdakı böyük uğurlarımızdan sonra keçən müddətdə ya ucuz sensasiya yaradaraq oxucu, tamaşaçı  sayıını artırmaq məqsədi ilə, yaxud hansısa qüvvələrin, çox güman ki,  son 30 ildəki kimi Azərbaycan xalqının başının altına yastıq qoymağa çalışan “5-ci kalon”, “KQB”-“QRU”-korrupsiya şəbəkəsinin sifarişi ilə Ermənistanın, həmçinin Qarabağda Rusiyanın faktiki himayəsində bəslənən seaparatçı-terrorçu rejimin məğlub durumunu hədsiz dərəcədə miskinləşdirməyə çalışaraq yalan, feyk-məlumatlar yaymağa çalışırlar. Və əslində düşmənlərimizə xidmət edən  xalqa gerçək informasiya verənlər yox, ona yalan sırıyanlar, 1988-1990-cı illərdə Moskvaya işləyən medianın etdiyi kimi, xalqı arxayın salaraq hayların Rusiya hərbçilərinin himayəsi altında öz mövqelərini möhkəmlətməsinə, güclənmələrinə dolayısıyla şərait yaradanlardır...
 
Bu günlərdə Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın guya Qarabağdan qaçqığını, artıq oradakı ermənilərin də kütləvi şəkildə köçməyə hazırlaşdıqları haqda informasiya yayılmışdı. Guya dekabrın 31-də Araik Xankəndində olmayan vaxt qəflətən işıqlar sönüb, internet kəsilib. Bu da ermənilərdə növbəti təşviş yaradıb... 
 
Moderator.az-ın araşdırmasından bəlli olur ki, erməni mediasının yaydığı məlumata görə, dekabrın 31-i gündüz saatlarında  Araik Arutyunyan doğrudan da Xankəndində olmayıb.
 
Ancaq o,  Azərbaycan torpaqlarından kənara çıxmayıb və Kəlbəcər rayonunun  faktiki olaraq Rusiya hərbi kontingentinin nəzarətində və ermənilərin işğalında olan hissəsinə səfər edərək oradakı yüksəkliklərdən birində xidmət edən separatçı-işğalçı hərbçilərlə görüşüb onları Yeni il münasibəti ilə təbrik edib. Video-görüntülərdən bəlli olur ki, Araik Kəlbəcərdə Azərbaycan və  Rusiya hərbçilərinin birgə nəzarət etdiyi qədim xristian türk babalarımızın abidəsi olmuş Xidavəng monastrının hava xətti ilə çox yaxınlığındakı erməni mövqelərindən həmin məbədimizi durbinlə müşahidə edib. Və açıq hiss olunur ki, həmin erməni mövqeləri Xudavəng məbədindən hündürlükdədir. Məlumdur ki, sovet dövründən bəri Kəlbəcər rayonunun ərazisinə daxil olan Ağdaban kəndi faktiki olaraq Rusiya və erməni hərbçilərinin nəzarətindədir. Çox güman ki, Araik Xudavəngi həmin kənd yaxınlığındakı 2030 metrlik yüksəklikdəki, yaxud bir qədər şimal-qərbdə - Rusiya hərbçilərinin də arabir patrul xidməti təşkil etdiyi Şaban yurdu deyilən yerin yaxınlığındakı 1672 metrlik yüksəklikdə yerləşən erməni postlarından müşahidə edib. Videodan separatçı başçının hərbçilərlə kiçik süfrə açaraq bayram münasibəti ilə tost da dediyi görünür...
 
Zəruri xatırlatma: 
 
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edildikdən sonra rayonun Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drombon, Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri rəsmən Kəlbəcər rayonuna birləşdirilib.  Lakin 10 noyabr 2020-ci il razılaşmasına əsasən həmin 23 kənd Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətinə verilməklə faktiki olaraq hayların əlində qalıb.  Ağdərə rayonunun  digər 8 kəndi:  Xatınbəyli, Qazançı, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun,  Ağdərə şəhəri və digər 17 kəndi: Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Talış, Seysulan, Suqovuşan, Çaylı kəndləri və onlara məxsus torpaq sahələri isə Tərtər rayonunun inzibati tərkibinə verilib. 44 günlük savaş nəticəsində  Tərtər rayonunun yalnız Suqovuşan, Talış və Çaylı kəndləri rəsmən azad edilib. Həmçinin Ağdam rayonunun adları çəkilən 8 kəndi də Rusiya hərbçiləri və hayların nəzarətində qalıb...
 
P.S. Bunlar gerçəklikdir. Qətiyyən eyforiyaya qapılaraq "düşmən daha tam məhv oldu", "qalib gəldik" deyə arxayınlaşmaq olmaz...

Şərhlər

Çox oxunanlar