"Şuşa şəhərində mina problemi yoxdur"-Samir Poladov

18.01.2022 11:53     Siyasi reaksiya     536

ANAMA tərəfindən Ağdam və Şuşa şəhərlərində ərazilərdə mina təmizləmə əməliyyatları həyata keçirilir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Şuşa şəhərində mina problemi yoxdur: "Orada ANAMA mütəxəsislərinin və müvafiq qurumların tövsiyələrinə riayət etməklə hərəkət təmin oluna bilər.

Lakin Ağdamda mina və digər təhlükəli vasitələr aşkarlanıb. Bir çox ərazilər təmizlənib. Lakin yollardan çıxılarsa, təhlükələrə məruz qalmaq olar. Vətəndaşlar dayanacaqlardan kənara çıxmamalıdır. Rayon ərazisində əsasən Ermənistan istehsalı minalar aşkarlanıb. Xeyli sayda dəmir borulara salınmış partlayıcı sursatlar aşkar olunub. Ərazilərdə çoxlu sayda məlumatlandırıcı lövhələr quraşdırılıb".

O bildirib ki, 1991-ci ildən bu günə qədər Ağdamda 51 yaşayış məntəqəsində mina hadisəsi qeydə alınıb: Bu günə qədər mina səbəbilə Ağdamda 21 ölüm hadisəsi qeydə alınıb. Bu gün ANAMA tərəfindən çoxlu yollar təmizlənib və səfərləri təşkil edib, təhlükəsiz səfərləri təşkil etmək olar".

Şərhlər

Çox oxunanlar