Ukrayna böhranı Avropa Birliyi ilə ABŞ-ı qarşı-qarşıya qoyur
27.01.2022 12:35 Siyasi reaksiya 418
Almaniya və Fransanın Ukrayna məsələsində ABŞ-ı dəstəkləməkdən imtinasının arxasındakı səbəblər...
Son dövrlər ABŞ və NATO müttəfiqləri Ukrayna üzərindən Rusiyaya qarşı çox ciddi təzyiq və təsir mexanizmi kimi istifadə etməyə çalışırlar. Xüsusilə də Rusiyanı bir sıra vasitələrlə təhrik edərək onu Ukraynada münaqişəyə cəlb etmək istəyi aydın görünür.
Bir sıra Qərbi Avropa qüvvələri, xüsusilə də Amerika tərəfindən Rusiya Ukrayna ilə müharibəyə təhrik edilir. Ancaq diqqəti cəlb edən başqa bir məqam da var ki, Avropa Birliyinin iki ən böyük dövləti sayılan Fransa və Almaniya Ukrayna məsələsində ABŞ-ın mövqeyini müdafiə etmirlər. Xüsusilə də Rusiya ilə müharibəyə başlamaq variantını dəstəkləmirlər. Almaniya və Fransa Ukrayna məsələsində ABŞ-ı dəstəkləməkdən açıq-aşkar imtina edirlər. Buna səbəb yalnız Rusiya qazıdırmı? Bəlkə Avropa Birliyinin bu iki sütun ölkəsi ABŞ-ın Avropa məkanında Rusiya tərəfindən məğlub edilməsində maraqlıdır?
Politoloq Əhəd Məmmədli Musavat.com-a açıqlamasında bildirdi ki, Fransa və Almaniyanın Ukrayna məsələsində Rusiyaya qarşı kəskin mövqe tutmaqdan yayınmasının bir neçə səbəbi var: “Səbəblərdən biri bu ölkələrin Rusiya ilə iqtisadi əlaqələridir. Bu iqtisadi əlaqələrdə birinci yeri rus qazı tutur. Almaniya və Fransa, eləcə də Avropanın bir sıra dövlətləri xeyli dərəcədə Rusiya qazından asılı vəziyyətdədirlər. İkinci səbəb odur ki, Almaniya və Fransa üzvü olduqları Avropa Birliyinin ABŞ-dan asılı olmayan, müstəqil siyasət yürütməsinə çalışırlar. Bu istiqamətdə nümunə olaraq ilk addımı özləri atırlar və ABŞ-ın Ukrayna məsələsində heç də hər bir istəyinə hə demirlər.
Əhəd Məmmədli
Bu vəziyyət artıq NATO daxilində də əvvəllər olan monolitliyə ziyan vurur. Almaniya və Fransa Rusiyanın çox böyük imkanlara malik dövlət olduğunu dərk edir. Onlar düşünürlər ki, Rusiya İraq və Suriya deyil ki, ona qarşı çox rahat birləşə biləsən və Amerika ilə tamamilə eyni mövqedə olasan. Bununla yanaşı, hesab edirəm ki, ABŞ birmənalı dişli siyasət yürüdəcəksə, Fransa və Almaniya öz mövqelərinə düzəlişlər edəcəklər və Amerikanın yanında dayanacaqlar”.
Xəyal Bəşirov
Politoloq Xəyal Bəşirov isə bildirdi ki, uzun illər Rusiya ilə vahid məkanda mövcud olan Ukraynanın Rusiyadan ayrılması uzağa gedən planın tərkib hissəsidir: “Amerikanın məşhur siyasətçilərinin əsərlərində də belə bir fikir var ki, ukraynalı Rusiya Avropa dövlətidir və dünyəvi fövqəl dövlətdir, amma Ukraynasız Rusiya Asiyanın sıradan bir dövlətidir. İndi belə görünür ki, ABŞ Rusiyanı məhz sıradan bir dövlətə çevirmək istəyir. Ukrayna Rusiyanın Avropaya açılan qapısıdır. ABŞ uzun müddətdir bu qapını bağlamağa çalışır. Ona görə də Rusiya ilə Ukrayna arasında ciddi münaqişə toxumu səpilib. Artıq Ukrayna Rusiyadan ayrılıb və Rusiyanın həmin o qapısı demək olar ki, qapadılıb. Rusiya isə bununla barışmaq istəmir. Ona görə də Rusiya Ukraynadan heç də rahat şəkildə vaz keçmək niyyətində deyil. Ukrayna böhranı çox təhlükəli mərhələyə qədəm qoyub. Təhlükənin ciddiliyini, Avropanı ciddi təhdid etdiyini Almaniya və Fransa bilir. Buna görə də ABŞ-ın bir sıra tələb və çağırışlarına müsbət cavab vermirlər. İkinci Dünya müharibəsində əsasən Avropa dövlətləri müharibə meydanına çevrildilər. İndi Almaniya və Fransa yenidən Avropanın müharibə meydanı olmasını istəmirlər. Ona görə də düşünmürəm ki, başda Almaniya ilə Fransa olmaqla, Avropa Birliyi ölkələri müharibəyə qoşulsunlar. Amerikanın Ukrayna böhranını güc yolu ilə həll etmək istəyinə qarşı çıxmaları bununla bağlıdır. Avropanın zəifləməsi ABŞ-ın marağındadır. Avropa Birliyi zəifləyəndə ABŞ-dan asılılığı artır. Prosesin gedişatı göstərir ki, Avropa Birliyi ilə ABŞ arasında fikir ayrılığı dərinləşəcək.
Almaniya və Fransanın ABŞ-ı dəstəkləməməsində Rusiya qazı faktoru da rol oynayır. Rusiya qazının Avropa bazarında çox mühüm çəkisi var. Ondan imtina etmək Avropada enerji böhranına gətirib çıxarar. Almaniya və Fransa bunun hansı böyük fəsadlara yol aça biləcəyinin fərqindədir".
Şərhlər