Bu, Azərbaycana qarşı təzyiq, təhdid və qıcıqlandırma elementidir - BƏYANAT

04.02.2022 19:09     Siyasi reaksiya     513

Azərbaycan Yüksəliş Partiyası Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini rus sülhməramlıları ilə yanaşı, Qarabağdakı erməni separatçısının yoxlaması ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda bildirilir ki, bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr Atəşkəs Bəyannaməsinin razılaşdırılmış bəndlərinə və şərtlərinə ziddir və qəbuledilməzdir. Bəyannamənin 4-cü bəndi Ermənistan silahlı qüvvələrinin və ümumiyyətlə Qarabağda yerləşdirilmiş qanunsuz separat hərbi dəstələrin Rusiya Federasiyası (RF) sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsilə paralel müddətdə bölgədən çıxarılmasını və tərksilah olunmasını tələb edir. 

“Xüsusilə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycana məxsus yük avtomobilləri və digər təyinatlı avtomaşınların sülhməramlı əsgərlərlə birlikdə hansısa qondarma rejimin arxasına "Police" yazılmış qondarma təhlükəsizlik xidməti uniforması geyinmiş naməlum erməni separatçısının yoxlaması, bu azmış kimi, Rusiya Müdafiə Nazirliyinə məxsus olduğu şübhə doğurmayan çəkiliş qrupunun bu kadrları lentə alıb onu yenə RF Müdafiə Nazirliyinin video-materialı kimi nümayişkəranə şəkildə ictimailəşdirilməsini Azərbaycan dövlətinə qarşı növbəti təzyiq, təhdid və qıcıqlandırma elementi hesab edirik. 

Azərbaycanın dövlət-nömrə nişanlı maşın karvanlarının Azərbaycanın suveren ərazilərinə məxsus yollardan istifadə edərkən sülhməramlılarla birlikdə separatçıların da yoxlaması Moskvanın rəsmi Bakıya “əzələ nümayişi” kimi qiymətləndirilə bilər və bunu dövlətçilik prinsipləri baxımından yanlış yol hesab edirik. Baş verənlər bir daha sübut edir ki, bölgəyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti öz sülhyaratma missiyasından kənar, kifayət qədər nöqsanlarla müşayiət olunan fəaliyyətlə məşğuldur və bununla Rusiya sanki Azərbaycana terrorçu-separat rejimin mövcudluğunu nümayiş etdirir. 

Başqa bir tərəfdən, baş verənlər ümumi planda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinə də kölgə salır. Görünür, Azərbaycan rəhbərliyinin və ictimaiyyətinin son vaxtlar rus sülhməramlılarının fəaliyyətindəki yanlışları, ölkəmizin suverenliyinə xələl gətirən hərəkətləri dilə gətirməsi Moskvanı narahat etməyə başlayıb. 

Rusiya sülhməramlı kontingentinin sülh yaratmaq yox, daha çox bölgəyə sahiblənmək və nəzarət etmək, faktiki oranı işğalda saxlamaq niyyətilə bölgədə olmasına şübhə yeri qoymayan onlarla fakt mövcuddur. Elə buna görə də, Azərbaycan dövlətinin rəhbərliyi, müdafiə və hüquq-mühafizə orqanlarının mütəmadi olaraq baş verən bu tərz olaylara qarşı praktiki nəticələr yaradan cavab tədbirlərinin görülməsi zərurəti yaranıb. 

Azərbaycanın aidiyyatı rəsmi qurumlarının siyasi kanallarla bu kimi qıcıq və suverenliyə təhdid, sayğısızlıq doğuran hadisələrə etiraz etdiyinə şübhə etməsək də, hesab edirik, bütün bunlar sözdə qalır və heç bir nəticəsi yoxdur. Diqqətə çatdırırıq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Atəşkəs Bəyannaməsindən irəli gələrək Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi faktiki məsuliyyət zonasını əhatə edən bütün yaşayış məntəqələri Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan, onun ayrılmaz tərkib hissəsi olan suveren əraziləridir. Ona görə də, gələcəkdə dövlətçiliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzə hər hansısa ciddi xələl gəlməməsi üçün indidən rəsmi Moskva qarşısında bu kimi mövzular daha detallı və sərt formada qoyulmalı, sülhməramlı kontingent məsuliyyətə dəvət olunmalı, habelə praktiki addımlar atılmaqla Qarabağda son vaxtlar xarici havadarlarından dəstək alaraq yenidən aktivləşməyə başlayan separatizm yerindəcə boğulmalıdır”, – deyə bəyanatda qeyd olunub. 

Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki, Azərbaycan höküməti Rusiya tərəfindən bu hadisələrlə bağlı açıqlama tələb etməli və bu kimi halların təkaralanmamsı üçün qəti şəkildə adekvat tədbirlər görməlidir.

 

Şərhlər

Çox oxunanlar