Müəyyən qüvvələr Şuşa Bəyannaməsinin əleyhinə çıxacaq - Vahid Əhmədov
04.02.2022 19:11 Siyasi reaksiya 461
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin maraqlarına tamamilə cavab verən bir sənəddir. Bu, iki qardaş dövlətin bir yerdə işləməsi, öz təhlükəsizliyini təmin etməsi, iqtisadiyyatlarını inkişaf etdirməsi üçün böyük əhəmiyyət kəsb daşıyır”.
Bunu Bakupost.az -a millət vəkili Vahid Əhmədov Şuşa Bəyannaməsinin Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsindən danışarkən deyib.
Onun sözlərinə görə, sənədin təsdiq edilməsi iki dövlət arasındakı münasibətləri bir qədər də dərinləşdirəcək:
“Bu Bəyənnamə tarixi bir addım idi. Biz Şuşa Bəyannaməsini Milli Məclisdə təsdiq etdik. Ötən gün Türkiyə Böyük Millət Məclisi tərəfindən də bəyannamə təsdiqlənib. Burada hər iki dövlət üçün çox əhəmiyyətli məsələlər öz əksini tapıb. Birincisi Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi ilə əlaqədar məsələlərdir. Orada xüsusi bəndlər var ki, Azərbaycana və Türkiyəyə xaricdən hər hansı bir təzyiq olarsa, iki dövlət bir yerdə fəaliyyət göstərəcək. İkincisi isə hərbi məsələlərlə bağlı çox ciddi əlaqələr Şuşa Bəyannaməsində öz əksini tapıb. Bu Azərbaycan-Türkiyə arasında olan münasibətlərin daha da dərinləşməsi istiqamətində bütün lazımı tədbirlərin görülməsi üçün əsas sazişidir”.
V. Əhmədov qeyd edib ki, Bəyannamədə ən ciddi məsələlərdən biri, məhsulların sərbəst idxalı-ixracı, gələcəkdə rüsumlardan azad olunması ilə bağlıdır:
“Bu, Azərbaycan-Türkiyə iqtisadiyyatının inkişafı, sahibkarların normal fəaliyyət göstərməsi üçün böyük əhəmiyyət daşıyır. Dünən CHP-dən olan bir millət vəkili faktiki olaraq Şuşa Bəyannaməsinin əleyhinə çıxmışdı. Amma millət vəkilləri ona layiqli cavab verdilər və bu, Türkiyə mətbuatında dərc olundu Düzdür, CHP müxalifət partiyasıdır və o da öz fikirlərini səsləndirib. Amma hər bir azərbaycanlı, türk vətəndaşlar, millət vəkili, hökumət üzvü olmasından asılı olmayaraq, bu Bəyannaməni bir nəfər kimi dəstəkləməlidir.
Çünki bu çox şeydən xəbər verir. Ümumiyyətlə, Azərbaycanın inkişafından, gələcəkdə hansı islahatları öz perspektivində nəzərə almasında çox ciddi və tarixi sənəddir. Bu sənəd Şuşada Prezident İlham Əliyev ilə Prezident Ərdoğan arasında imzalanmışdı. Amma Azərbaycan Parlamenti və Türkiyə Böyük Millət Məclisi bunu artıq təsdiq edəndən sonra rəsmi sənədə çevrildi. Amma müəyyən qüvvələr ola bilər ki, bu bəyannamənin əleyhinə çıxışlar etsinlər. Təbii ki, biz də qarşılıq olaraq öz fikirlərimizi deyəcəyik və əks arqumentlərimizi ortalığa qoyacağıq. Ona görə də bunların heç bir əhəmiyyəti yoxdur. Şuşa Bəyannaməsi artıq təsdiqlənib və icrasına başlanılacaq”.
Reaksiya.az
Şərhlər