Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olundu

08.02.2022 14:39     Siyasi reaksiya     492

Fevralın 8-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Reaksiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu bildirib.

M.Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan-Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar