Fərid Şəfiyev: “Artıq Minsk qrupuna ehtiyac yoxdur”
25.04.2022 13:41 Siyasi reaksiya 435
Artıq Minsk qrupuna ehtiyac yoxdur, ancaq formal olaraq bu təsisatın fəaliyyətinin dayandırılması mürəkkəb prosesdir və ATƏT çərçivəsində həll olunmalıdır.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də keçirilən müzakirədə çıxışı zamanı deyib.
O, Minsk qrupunun indi formal olaraq qaldığını deyib: “Minsk qrupu formal olaraq hələ də qalır. Onun mandatı Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması ilə bağlı idi. Bu məsələ isə artıq bizim üçün gündəmdə deyil. Əgər Minsk qrupu post-münaqişə dövründə də prosesdə qalmaq istəyirdisə, o zaman gündəmdə olan bir çox məsələlər - humanitar, mina problemi, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər və s. məsələlərlə məşğul olacağını elan etməli idi. Lakin təəssüf ki, biz bununla bağlı Minsk qrupundan addım görmədik”.
Fərid Şəfiyev Minsk qrupunun ABŞ və Fransadan olan keçmiş həmsədrlərinin artıq Cənubi Qafqaz üzrə nümayəndə kimi təqdim olunmasını müsbət gedişat sayıb: “Ötən il Qarabağın statusu məsələsi gündəmə gətirilməyə çalışılırdı. Ancaq reallıq odur ki, Azərbaycan öz siyasətini yürüdür, gündəmi formalaşdırır və bu gündəlik faktiki olaraq qəbul olunub”.
BMTM sədri Ermənistanın Qarabağın statusu məsələsini üçüncü ölkələr və ya beynəlxalq təşkilatlar vasitəsilə gündəmdə saxlamağa çalışacağını qeyd edib: “Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik və vacib olan da budur. Bu sazişlə bağlı prinsipləri də Ermənistan Baş naziri Paşinyan Moskva səfərindən öncə qəbul edib. Əgər Ermənistan Qarabağ məsələsini ikitərəfli münasibətlərə daxil etməyə cəhd edəcəksə, biz bunu qəbul etməyəcəyik”.
Şərhlər