Biz beynəlxalq hüququn inkar edildiyi mərhələdəyik - Erkin Qədirlinin AŞPA-dakı çıxışı - VİDEO

28.04.2022 12:28     Siyasi reaksiya     473

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin üzvü, 16 saylı Yasamal dairəsindən deputat Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27 aprel iclasında  çıxış edib.
 
Reaksiya.az xəbər verir ki, Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya dəstək qətnaməsinin qəbul edildiyi iclasda sənədin lehinə səs verən Erkin Qədirli çıxışında Ukrayna ərazisində bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri törədildiyini vurğulayıb: “Ukraynanın Buça, İrpen şəhərlərindən və digər yaşayış məntəqələrindən gələn xəbərlər bu cinayətlərin bəzisinin soyqırımı xarakterli olduğuna inanmağa əsas verir. Ancaq bütün bunlardan əlavə xüsusi diqqətə layiq olan bir cinayət də var. Bu, təcavüz cinayətidir.
 
Beynəlxalq cinayətlər iki kateqoriyaya bölünür – beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlər.
 
Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalqmüqavilələrlə təsbit edilir – terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və sair. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir.
 
Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn bir hüquqi fenomen kimi kökündən inkarına əsaslanır. Bir var kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur, biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır.
 
Rus dilində “безнаказанность” sözü var. İngilis dilinə “impunity” (cəzasızlıq) kimi tərcümə olunur. Düzgün tərcümədir, lakin burada mənanın bir hissəsi itir. Cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var, lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır. Rus dilindəki “безнаказанность” sözü isə hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda, hətta ictimai rəydə. Buna görə də biz rus siyasətçilərdən tez-tez “Varşavanı bombalayacağıq”, “tanklarımız yenidən Praqada olacaq”, “Berlin bizə yalvaracaq”, “Baltik ölkələri saxtadır”, “Ukrayna heç vaxt mövcud olmayıb” sözlərini eşidirik. Onlardan biri, Rusiya federal parlamentinin aşağı palatasının – Dövlət Dumasının deputatı Mixail Delyagin daha da irəliyə gedərək “Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər” və hətta “istifadə etməlidir” deyib. Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir.  Belə sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik”. 
Qeyd edək ki, Güney Qafqazı AŞPA-da 15 deputat təmsil edir. 4 erməni, 5 gürcü və 6 azərbaycanlı. Rusiyanın Ukraynaya təcavüzünü pisləyən AŞPA qətnaməsinə onların cəmi 5 nəfəri səs verib: 4 gürcü və 1 azərbaycanlı - Respublikaçı Alternativ partiyasının millət vəkili Erkin Qədirli.
 

Şərhlər

Çox oxunanlar