ABŞ və Rusiya: hansı daha çox yalan danışır?

30.05.2022 11:59     Siyasi reaksiya     477

Rusiya-Ukrayna müharibəsinin başlanmasından üç ay ötdü. Doğrusu, bu elə baş verdi ki, mahiyyətinə yetərincə vara biilmədik – hər gün müharibədən gələn xəbərləri dinləyə-dinləyə bir də gördük ki, üç ayı artıq arxada qoymuşuq. Bəs üç ayın xronologiyası nələri deməyə əsas verir?

Bizə elə gəlir ki, raket zərbələri olmasaydı Rusiya biabır günə qalardı. Elə indi də Kremlin öyünməsi üçün elə bir əsas yoxdur. Əslində Qərb raket zərbələrinin də qarşısını ala bilərdi. Amma bunu etmədilər, dedilər ki, bunu etsələr NATO ölkələri müharibə tərəfi kimə qəbul olunar.

Amma bu, səmimiyyətdən tamam uzaq bir etirafdər. Bəs indi necə? Rusiyaya qarşı biri-birinin ardınca sanksiyaların tətbiq olunduğu bir vaxt, Kiyevə maliyyə və hərbi yardımın 100 milyard dolları keçdiyi bir vaxtda ABŞ və digər NATO ölkələri tərəf kimi qəbul edilmirmi? Ruslar onsuz da hesab edirlər ki, onlara qarşı hibrid müharibəsi aparılır və klassik müahibə onun yalnız bir hissəsidir.

O ki qaldı müharibəni kimin başlanmasına, Kreml iddia edirdi ki, bunu etməyə onları NATO-nun Rusiyanın sərhədlərinə yaxınlaşması məcbur etdi. Amma sual yaranır: İsveçin və Finlandiyanın NATO-ya üzv olmağa qərar verməsi Alyansın növbəti genişlənməsi deyilmi? Bu məntiqlə Moskva onlara qarşı da müharibə elan etməli idi. Amma o, bunu edəcəkmi? Düşünmürük. Sadəcə, məsələ təkcə Ukraynanın Rusiya ilə həmsərhəd olmasında deyil. Ondadır ki, Ukrayna post-sovet ölkəsidir və bütün digər post-sovet ölkələrinə qarşı olduğu kimi Moskvanın ona da qarşı “xüsusi” münasibəti var və bu münasibət də ondan ibarətdir ki, Kreml bu əraziləri öz nüfuz sferası hesab edir.

Burada başqa bir yozum və yaxud izah yoxdur. SSRİ parçalanandan Moskva müxtəlif intensivliklə bu siyasəti aparır. Kremldə gözəl bilirdilər ki, ən azı yaxın perspektivdə Kiyevi heç kim NATO-ya qəbul etməyəcək – Alyans rəhbərləri öz çıxışlarında daim bunu qeyd edirdilər.

Ona görə də Moskva növbəti dəfə səmimiyyətdən kənar çıxışlar edir. Əslində isə onun məqsədi Krımı daha etibarlı şəkildə ilhaq etmək, onu quru ərazisi ilə özünə birləşdirmək, Ukraynanın Şərq hissəsini də qoparmaq, bu ölkənin siyasətini öz maraqlarına tabe etmək idi. Burada fərqli bir arqument axtarmaq və tapmaq çox çətindir.

Bir daha Qərb ölkələrinə gəldikdə, onların da məqsədi Rusiya üçün ikinci Əfqanıstan yaratmaq idi. Əvvəllər Vladimir Putin deyirdi ki, onlar Qərbin təxribatlarına getməyəcək, hətta silahlanma yarışına girməyəcəklər. Amma əvəzində nə oldu? Rusiya müharibəyə girdi və bu müharibənin bir günü onlara bir milyard dollardan artıq başa gəlir. İndi Qərbin marağındadır ki, müahribə çox çəksin. Elə bu səbəbdən çətin ki, Henri Kissincerin son təklifi ABŞ hökumətinin mövqeyini əks etdirmiş olsun. Həqiqətən də müharibənin tezliklə bitməsini istəyən bir tərəf elə bu günlərdəcə onun davam etməsi üçün 44 milyard dollar ayırardımı?(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar