Brüsseldən Bakıya kritik zəng - İrəvanın təzə “nəfəsliyi” bağlana bilər

06.07.2022 13:09     Siyasi reaksiya     446

Azərbaycana “səbirli ol!” deməyin limiti bitir; Ermənistan hökumətinin sülhü təhdid edən təxribatları Avropanı da bezdirməyə başlayıb...

Rəsmi İrəvan Bakı ilə danışıqlarda konstruktivizmə köklənmək əvəzinə, köhnə destruktiv siyasətindən əl çəkmir. Müşahidələr göstərir ki, Ermənistan vaxtı süni şəkildə uzatmaqla hansısa möcüzəyə, yəni regionda şərtlərin guya qəfildən onun xeyrinə dəyişəcəyinə ümid bəsləyir. Odur ki, hələlik Azərbaycanla heç bir yeni sənəd imzalamamaq, heç bir yeni anlaşmaya imza atmamaq xətti götürüldüyü müşahidə olunur.

Təsadüfi deyil ki, kapitulyant ölkədə tez-tez belə fikirlər səslənir ki, ölkənin hazırkı zəif durumunda İrəvan ən yaxşı halda vaxt udmağa çalışmalıdır. Lakin bu, aşkar özünəqəsd yoludur. Nə barədə ki, hətta 20 noyabr kapitulyasiya aktının imzalanmasından bir neçə gün sonra Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyanın prezidenti Vladimir Putin də satellit ölkəyə xəbərdarlıq edib.

44 günlük savaşın gizlinləri:

İkinci yandan, 44 günlük savaşda darmadağın olan bir ölkənin hərbi və iqtisadi cəhətcə qısa müddətdə, yaxın illərdə dirçəlməsi mümkün deyil. Mümkün olsa belə, yalnız Azərbaycan və Türkiyənin sayəsində, əsas qonşularla əlaqələrin tam normallaşması hesabına mümkündür. Rusiyanın başı isə hələ uzun müddət özünə qarışacaq ki, bu da danışıqlar masası arxasında İrəvanın nə vaxtsa güclü mövqe ilə oturmasını başqa yandan istisna edir.

Əfsus ki, erməni strateqləri bu qəbildən obyektiv şərtləri hələ də görməzlikdən gələrək, köhnə iddialar irəli sürməyə davam edir və az qala özlərini əvvəlki, qalib ədası ilə aparırlar. Bunu ATƏT PA-nın srağagün Böyük Britaniyanın Birminqem şəhərində keçirilən illik sessiyanda erməni deputatların özlərini yenə də ənənəvi həyasızlıqla aparmasından bir daha görmək olar.    

Sessiyada iştirak edən Azərbaycanın nümayəndə heyətinin rəhbəri Azay Quliyevin “Twitter” səhifəsində paylaşdığı məlumatdan aydın olur ki, erməni nümayəndə heyəti tədbirin qətnamə layihələrinə “Dağlıq Qarabağ münaqişəsi”, “ATƏT-in Minsk Qrupu” və “saxlanılan şəxslərlə” bağlı artıq əhəmiyyətini itirmiş əlavələri daxil eləmək istəyiblər. Lakin cəhdləri iflasa uğrayıb, 3 təklifin heç biri səsvermədən keçməyib...

Diqqətçəkicidir ki, ermənilərin “Brüssel prosesi”nə açıq-aşkar zərbə olan bu kimi hoqqaları fonunda, hətta eyni gündə - iyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub.

Şarl Mişel Azərbaycana da səfər edəcək

Belə ki, Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiyaların açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. İlham Əliyev isə Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması yönündə danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.

Maraqlıdır ki, Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyana telefon açmayıb. Hər halda, yazı hazırlanarkən belə bir xəbər yox idi. İstənilən halda, telefon zənginin ilk olaraq Azərbaycan rəhbərinə edilməsi güclü tərəf sayılan Bakının prosesdən haqlı narazılığının Avropa İttifaqında anlaşıqla qəbul edildiyinin, eyni zamanda Brüsselin özünün də narahatlıq içində olduğunun bir göstəricisi sayıla bilər. Ən əvvəl də “nala-mıxa vuran” İrəvanın ikili siyasəti ucbatından. Çünki Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli, konstruktiv və səbirli mövqeyi çoxdan ortada.

Oxu.az - Prezident İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub

Şübhə yox ki, bu səbəbdən Mişel Əliyevlə söhbətdə ona “Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini” vəd edir. Lakin aydındır ki, İrəvana real təzyiqlər edilməyincə, belə səylər hələ uzun müddət nəticəsiz qalacaq.

Aİ-nin əlində isə İrəvana kifayət qədər güclü təsir rıçaqları var. Məsələn, vəd edilən 2 milyard avroluq yardım paketi. Bu, cırtdan və “izqoy” Ermənistan üçün, “qərbyönlü” Paşinyan hökuməti üçün yetərincə böyük məbləğdir. Hətta faktiki Ermənistan üçün təzə “nəfəslik” qismindədir. Qalır, Ermənistana maliyyə dəstəyinin Azərbaycanla sülh müqaviləsinin imzalanması şərtinə bağlanması. Brüssel belə bir şərtdə təkid edərsə, İrəvanın ağlını öz başına yığacağını gözləmək olar.

Bir şeyi əminliklə söyləmək olar ki, Ermənistan hökumətinin sülhü təhdid edən təxribatları artıq Avropanı da bezdirməyə başlayıb. Avropanın Azərbaycana “səbirli ol!” deməsinin limiti isə bitir...(musavat)

Şərhlər

Çox oxunanlar