"Tehran öz marağını Azərbaycana qəbul etdirməyə çalışır" - İlham Şaban

22.08.2015 14:37     Siyasi reaksiya     2002

Xəbər verildiyi kimi, dünən iranlı nazir Mahmud Vazei açıqlamasında Xəzərdə İran - Azərbaycan münaqişəsi nəticəsində kəşfiyyatı 2001-ci ildən dondurulmuş “Araz - Alov - Şərq” strukturu məsələsinin yenidən gündəmə gələ biləcəyini deyib.

İqtisadçı ekspert İlham Şaban məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verib. O deyib ki, İranın təklifinin müsbət həll tapacağına inanmır: “Araz-Alov-Şərq" blokunun İran tərəfindən Azərbaycana birgə işlənməsinin təklif edilməsi rəsmi Tehran tərəfindən Xəzərin statusu məsələsində özünün marağını birtərəfli şəkildə rəsmi Bakıya qəbul etdirilməsinə bənzəyir.

Çünki 2001-ci ildə məhz İran hərbi güc tətbiq edərək Azərbaycan tərəfinin bu blokda geoloji kəşfiyyat aparmasının qarşısını almışdı. O zaman rəsmi Bakı İranla münasibətləri gərginləşdirməmək üçün həmin ərazilərdə müvəqqəti olaraq işləri dayandırmağa qərar verdi , ancaq BP şirkəti ilə SOCAR arasında olan “Hasilatın Pay Bölgüsü” sazişi bu günə qədər ləvğ edilməyib. Ona görə də mən hesab etmirəm ki, İran tərəfinin kəşfiyyatla bağlı etdiyi təklif  Bakıda hansısa bir şəkildə müsbət həllini tapsın”.

Ekspert qeyd edib ki, İranın neft və qazı tək başına hasil etməyə imkanı yoxdur: “İran öz istədiyi kimi Xəzəri 20% bölürsə, bu zaman “Araz-Alov-Şərq" blokunun ancaq kiçik bir hissəsi ona aid olduğuna görə bu iddiasını ortaya qoyur.

Azərbaycan isə sadəcə gələcəkdə Xəzərin orta xətt prinsipi üzrə bölgüsü qəbul edildikdən sonra Xəzərin hüquqi statusu məsələsinin həllini tapmasını gözləyir. Hətta bu məsələ uzansa, Azərbaycan o 3 strukturdan ikisində işləri apara bilər və İran tərəfinin hətta 20% istəyi ilə belə onlara hüquqi cəhətdən qarışmaq istəyini reallaşdıra bilməz. İranın isə Xəzərin ən dərin hissəsində nə kəşfiyyat aparmağa, nə hasilat işləri aparmağa texnologiyası var.

Həmçinin onlar lazımi infrastruktura da malik deyil. Bu bir faktdır. Əks təqdirdə, çoxdan özünün iddia etdiyi yataqlarda güc hesabına neft də çıxarardı, qaz da”.

 

Şərhlər

Çox oxunanlar