“Ermənistanın artan hərbi-siyasi ritorikasının arxasında Fransa dayanır” - RƏY
14.04.2023 17:41 Siyasi reaksiya 800
“Fransa Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz tarixi torpaqlarını işğaldan azad etməsi faktını həzm edə bilmir. Təsadüfi deyil ki, bu ölkə həm müharibə, həm də postmüharibə mərhələsində mütəmadi olaraq Azərbaycanı hədəf seçən bəyanatlarla çıxış edib. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistanın Laçın rayonunda törətdiyi növbəti təxribatla bağlı Ermənistanı dəstəkləyən bəyanatı bu siyasətin daha bir çirkin nümunəsidir”. Editor.az xəbər verir ki, bunu “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib. O qeyd edib ki, Laçında yaşanan insidentin birbaşa Ermənistanın mütəmadi xarakter alan təxribatları nəticəsində baş verdiyi hətta düşmən ölkənin özünün yaydığı görüntülərdən aydın görünür: “Buna baxmayaraq, Fransa yenə siyasi maraqları əsas götürərək, hadisə ilə bağlı obyektivlikdən kənar mövqe ortaya qoydu. Fransanın da iştirakçısı olduğu Praqa görüşündən sonra Ermənistan diplomatik olaraq tam məğlub oldu. Daha sonra isə Fransanın haqlı olaraq vasitəçilikdən uzaqlaşdırılması bu ölkədə Azərbaycana qarşı ciddi qısqanclıq və qisas hissləri yaradıb. Azərbaycan dəfələrlə rəsmi Parisin ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini və bu səbəbdən qətiyyən Azərbaycanla Ermənistan arasında hansısa münasibətlərin aydınlaşdırılması üçün vasitəçi ola bilməyəcəyini bəyan edib. Təcrübə göstərir ki, Azərbaycana qarşı yönələn bütün erməni təxribatlarına Fransa hər hansı formada şərikdir. 44 günlük müharibə dövründə də Fransa mütəmadi olaraq Azərbaycan əleyhinə qətnamə və bəyanatlar tirajlamaqla məşğul idi. Bu gün də Paşinyanın artan hərbi-siyasi ritorikasının arxasında duran qüvvələrdən biri də Fransadır. Ermənistan Fransanın da təkidi ilə bu ölkəyə göndərilən Avropa İttifaqı missiyasına güvənərək işğalçı siyasətini davam etdirir”. “Bu gün Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu deyən Fransa, nə hikmətdirsə, Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat verməyib. Halbuki bu, Üçtərəfli Bəyanat və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinin tələbidir. Ümumiyyətlə, Fransa XİN-in bəyanatında yer alan məqamlar tamamilə obyektivlikdən uzaqdır. İnsidentin baş verdiyi ərazi Azərbaycanın suveren torpaqlarıdır və ölkəmiz dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqla tanınan ərazilərində hər hansı qanunsuz fəaliyyətə imkan vermək niyyətində deyil”, - F.Şahbazlı vurğulayıb. O bildirib ki, hazırda insan hüquqlarının pozulması, dinc aksiyaçılara qarşı şiddətli zorakılıqların göstərilməsi kimi ciddi insan hüquq pozuntuları ilə dünyanın gündəmində olan Fransanın öz daxilində problemləri həll etmək yerinə Azərbaycana dərs keçmək cəhdləri əbəsdir və gülüş doğurur: “Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa öz ərazisində hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir. Fransa bu gün Korsikaya qarşı ciddi formada linqvistik ayrı-seçkilik siyasəti həyata keçirir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət obyektiv olmalı və Fransanın bu irqçi siyasətini pisləməlidir”. /Report
Şərhlər