Vaşinqton danışıqlarını pozan detal: Azərbaycan razılaşmadı... - Şəfiyev açıqladı
03.07.2023 13:12 Siyasi reaksiya 466
Vaşinqtonda ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşlərin nəticələrinə dair fərqli fikirlər var. Burada əsas məqam ermənilərin Qarabağla bağlı hansısa bir mexanizm yaratmaq cəhdi idi. Delimitasiya və demarkasiya ilə bağlı isə erməni tərəfi konkret xəritə üzərində iş aparılmasını istəyir. Halbuki, bu, daha geniş bir prosesdir və bir xəritə üzərində bunu aparmaq mümkün deyil.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, bir xəritə üzərində iş aparmaq Azərbaycanın maraqlarına xidmət etmir:
“Çünki keçmiş sovet dövründə bir çox ərazilər Ermənistana verilib. Ona görə də, bu məsələlər daha geniş şəkildə müzakirə olunmalıdır. Hər halda son Vaşinqton görüşünü sülh istiqamətində dönüş hesab etmək olmaz”.
Fərid Şəfiyevə görə, prosesin sülhə doğru getdiyini söyləmək də çətindir: “Bu istiqamətdə əlavə görüşlər olacaq. Bir çox məsələ isə Ermənistandan asılıdır. İndiki halda Nikol Paşinyana təzyiqlər edilir. Fakt isə odur ki, Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi yaratması bir çox məsələləri dəyişdirib. Qarabağda olan vəziyyət fonunda isə proseslər aydınlaşacaq”.
Şərhlər