Komandanlıq heyətinə tapşırıqlar verildi - FOTOLAR
03.08.2023 17:30 Siyasi reaksiya 1110
Müdafiə Nazirliyinin rəhbər heyəti tərəfindən bir neçə hərbi hissə və bölmələrin döyüş hazırlığı yoxlanılıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti əvvəlcə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış ƏİK bölmələrində olub, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıblar.
Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, rəhbər heyət hərbi hissələrin birində komando hazırlığı kursunun gedişi ilə tanış olub.
Komando hazırlığı kursunda iştirak edən şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində döyüş qabiliyyətli komando hərbi hissələrinin formalaşdırılması və onların müasir silahlarla təchiz edilməsinə nail olunduğunu vurğulayıb. O, bu kimi hərbi hissələrin yaradılması ilə Ordumuzun döyüş imkanlarının daha da artdığını bildirərək, peşəkar komandoların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyini qeyd edib.
Baş Qərargah rəisi təlim və məşqlərin intensivliyinin və keyfiyyətinin artırılması, habelə hərbi qulluqçuların döyüş vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlığın gecə və gündüz şəraitində keçirilməsi barədə göstərişlər verib.
Sonda bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, həmçinin hərbi qulluqçuların silah və texnikanın effektiv tətbiqi üzrə bacarıqlarının təkmilləşdirilməsinə dair komandanlıq heyətinə müvafiq tapşırıqlar verilib.
Şərhlər