Ramiz İsmayılov: "Ermənilərin yalanları ifşa olunduğu üçün Fransanın timsalında dünyanın bəzi güclərinin qoltuğuna sığınır" - FOTOLAR
28.09.2023 17:11 Siyasi reaksiya 2552
“Hadisələrin gedişatına baxarkən məndə doğma və müqəddəs torpaqlarımıza qayıdacağımıza dair zərrə qədər şübhə yeri qalmır. Biz möhkəm iradəyə malik olan prezidentimizin qəti və əzmkar tələbləri üzrə mütləq ata-babalarımızın uyuduğu torpaqlara qayıdacağıq. Hətta deyərdim ki, o günlər çox da uzaqda deyil”
"Reaksiya.az" xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına müsahibəsində Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov deyib.
Xatırladaq ki, Ramiz Abuzər oğlu İsmayılov 1953-cü ildə, tarixi adı Karvansaray, indiki adı isə İcevan olan rayonun Haqqıxlı (sonrakı adı Səməd Vurğun) kəndində dünyaya göz açıb. O, 1970-ci ildə Sumqayıt şəhər 17 saylı orta məktəbin məzun olub. Ramiz İsmayılov 1975-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini bitirib. Gənc mütəxəssis kimi əmək fəaliyyətinə Sumqayıt şəhərində 1 nömrəli Tikinti Trestində başlayıb. Sonralar isə Sumqayıt şəhər Maliyyə Şöbəsində böyük nəzarətçi- müfəttiş və Sumqayıt Politexnik texnikumunda müəllim işləmişdir. Bakı şəhərində Azərbaycan Respublikası Maliyyə Nazirliyində və müxtəlif tikinti təşkilatlarında fəaliyyət göstərmişdir. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib. Belə ki, 1998-ci ildə Azərbaycan Respublikasına prezident seçkiləri zamanı Sumqayıt şəhəri üzrə 19 saylı ərazi seçki komissiyasının sədri olub. Zəngin həyat təcürbəsinə malik olan R.İsmayılov evlidir, 3 oğlu 9 nəvəsi var. Həyat yoldaşım təqaüdçü, bir oğlu diş həkimi, iki oğlu isə hərbi xidmətçidir. Hal-hazırda Sumqayıt şəhərində yaşayır.
R.İsmayılovla olan müsahibəni təqdim edirik:
Ramiz müəllim, tərcümeyi -halınızdan məlum olduğu kimi, ölkənin ictimai-siyasi proseslərində aktiv iştirak edən şəxs olmusunuz. Hazırda da bu missiyanı davam etdirməkdəsiniz. Bildiyimiz kimi iyul ayının 17-də Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi yaradıldı və Sizi də şəhər üzrə nümayəndə təyin etdilər. Sualımız budur ki, geridə qoyduğumuz bu müddət ərzində rəhbərlik etdiyiniz təşkilatda hansı işlər görmüsünüz?
- Bəl, qeyd etdiyiniz tarixdə Sumqayıtda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, deputatlar Emin Hacıyev, Hikmət Babaoğlu, Sumqayıt İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseyinovun iştirakı ilə məni icmanın Sumqayıt şəhəri üzrə nümayəndəsi kimi təqdim etdi.
Təbii ki, bu böyük etimadın qarşılığında mən də müəyyən işlər görməli, təşkilatlanma işini sürətləndirməli idim. Nəzərinizə çatdırım ki, nümayəndə təyin olunduğum müddət ərzində Sumqayıt nümayəndəliyinin yüksək səviyyəli ofisini təşkil etmişik. Yeri gəlmişkən, işimizi rahat görmək üçün ofis və avadanlıqların ərsəyə gəlməsində icmamıza yaxından dəstək verdiyinə görə Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin III çağrış deputatı olmuş, iş adamı Nizami İsgəndərova və təşkilati işlərimizdə bizə dəstək verib, fəallıq göstərən hər kəsə minnətdarlığımı bildirirəm.
Ofislə təmin olunduqdan sonra bizə yalnız əməli addımlar atmaq qalırdı. Ona görə də rəhbərliyin mənə verdiyi səlahiyyətə uyğun olaraq, İcmamızın nizamnaməsinə əsasən, iş planımızi tərtib etdik. İlk növbədə Qərbi Azərbaycandan deportasiyaya olunmuş və Sumqayıtda məskunlaşmış həmyerlilərimizin siyahıyaalma kampaniyasına başladıq. Bu prosesi bu gün də davam etdiririk.
Eyni zamanda, İcmanın Sumqayıt nümayəndəliyinin sturukturlarını - ağsaqqallar, ziyalılar, qadınlar və gənclər şuralarını yaratmışıq. Paralel olaraq, Hacı Zeynalabdin qəsəbəsi üzrə icma nümayəndəsini təyin etmişik. Corat qəsəbə nümayəndəliyimizin formalaşması istiqamətində isə işlərimizi davam etdiririk. Yaxın zamanlarda Corat nümayəndəliyimizi də təsdiqləyəcəyik
Bundan başqa, Milli Qeyri-Hökümət Təşkilatlarına dəstək Fondunun və Deportasiya Qurbanlarının İctimai Birliyi ilə birgə “Ermənilərin etnik təmizləmə siyasətinin ifşası” mövzusunda maarifləndirici tədbir keçirmişik. Gördüyümüz işlər barədə ölkənin KİV və sosial media seqmentində məlumatları dərc etdirmişik. Həmçinin, işimizin daha da sürətləndirilməsi üçün Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin sosial media seqmentini yaratmışıq ki, Sumqayıtda məskunlaşan həmyerlilərimizi daha tez təşkilatlandıra bilək.
Məlum olduğu kimi, ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcmanın mərkəzi binasının açılışında açıq şəkildə bəyan etdi ki, hər kəs əlini daşın altına qoymalı və başlanılan prosesi məntiqi sonluğa çatdırmalıdır. Maraqlıdır, dövlət başçısının bu çağırışından sonra Sumqayıta pənah gətirmiş qərbi azərbaycanlıların prosesə qatqısı və fəallığı sizi qane edirmi?
- Əslində bizim bu təşkilat “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin hüquqi varisi kimi 1989-cu ildən yaransa da, obyektiv səbəblərdən fəaliyyətimiz gözəçapacaq dərəcədə deyildi. Sizin də vurğuladığınız kimi, məhz 24 dekabr 2022-ci ildə cənab prezident İcmamızın mərkəzi binasının açılışını etməklə və oradan verdiyi mühüm mesajlarla fəaliyyətimizə təkan və ruh vermiş oldu. Nəticədə ölkənin digər bölgələrində yaşayan həmyerlilərimiz kimi, Sumqayıta sığınan qaçqınlarımızda da öz doğma el-obalarına qayıtmaq eşqi alovlandı. Mən bunu təşkilatımıza müraciət edən və bu işə köməklik etmək istəyən insanlarımızın gözlərinə baxarkən açıq-aydın hiss edirəm.
Əgər ölkə başçımız özünün doğum günündə dəyərli vaxtını icmamızın nümayəndələri ilə görüşüb, görəcəyimiz işlərin yol xəritəsini bizlərə təqdim edirsə, bu, bizim görəcəyimiz işin nə qədər mühüm və əhəmiyyətli olduğunu göstərir. Sizcə, dövlət başçımızın bu addımından sonra biz qərbi azərbaycanlıların İcmanın fəaliyyətinə qatqı verməmək kimi haqqımız varmı?!
Ramiz müəllim, bilirik ki, ölkə başçısının göstərişinə əsasən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlandı. Artıq bu istiqamətdə işlər görülməkdədir. Hətta, qayıdış konsepsiyasının fonunda demək olar ki, bəzi uğurlar da var. Belə ki, Qərbi Azərbaycana qayıdış istiqamətində atılan addımlar həm Ermənistan rəsmilərini, həm erməni diasporunu, həm də erməni vətəndaşlarını ciddi mənada narahat etməyə başlayıb. Belə demək mümkünsə, ermənilər prezidentimizin İcma qarşısında qoyduğu hədəflərdən və bu istiqamətdə yürüdülən siyasətdən qorxu və təlaş keçirirlər. Nədənsə bütün dünyaya Qarabağda yaşayan ermənilərin hüquqlarından car çəkən düşmən tərəfi Qərbi Azərbaycanla bağlı danışıqlar aparmaq istəmir. Necə hesab edirsiniz, ermənilər məhz Qərbi Azərbaycan məsələsi ilə bağlı danışıqlar masasına oturacaqmı?. Ümumiyyətlə, prosesi tezləşdirmək və uğurla başa çatdırmaq üçün hansı addımları atmalıyıq ki, Ermənistan rəsmiləri masaya otursun?
- Bildiyiniz kimi, Azərbaycan prezidenti cənab İlham Əliyev öz tövsiyələri ilə hazırlanacaq konsepsiyanın nə formada, hansı səpkidə tərtib olunması şərtlərini açıqlayıb.
Qərbi Azərbaycana qayıdış məsələsini prioritet mövzu olaraq qarşımızda qoyub. Həqiqət budur ki, bu məsələ heç vaxt öz aktuallığını itirməmişdir. Sadəcə, Qarabağ məsələsinin daha da vacibliyini nəzərə alaraq həmin məsələ bir qədər arxa planda idi. İndi isə vəziyyət dəyişib. Azərbaycan öz suveren sərhədlərini bərpa edib. Qarabağ üzərində nəzarətini möhkəmləndirib. Qarabağ məsələsi artıq bitmiş sayıla bilər. Bu səbəbdən Qərbi Azərbaycan məsələsi daha da aktuallaşdı. Hörmətli prezidentimiz, cənab İlham Əliyevin təbirincə desək, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bu şüardan çıxış edərək, deyə bilərəm ki, İcmamızın fəallığı məhz doğru zamana və məqama bağlı məsələ idi. O gün isə, bu gündür.
Əlbəttə, Qərbi Azərbaycana qayıdış məsələsi aktuallaşandan bəri erməni siyasətçiləri, tarixçiləri, dövlət rəsmiləri çox narahat olublar. Bir növ, təşviş içərisindədirlər. Bu da səbəbsiz deyil. Çünki, onlar çox yaxşı anlayırlar ki, qədim xəritələrin hamısında indiki Ermənistan deyilən coğrafi ərazidə bütün toponimlər, yer, yurd, kənd, qəza, mahal, dağ, dərə, çay, göl, yaylaq, arxac, bulaq, biçənək adlarının hamısı türk mənşəlidir. Bu isə o deməkdir ki, Qərbi Azərbaycan tarixən biz türklərə məxsus olub.
Yəni, o müqəddəs torpaqların ermənilərə heç bir aidiyyəti yoxdur.
Təəssüf ki, həmin ərazilər üzrə türk mənşəli adlara baxmayaraq, havadarlarının köməkliyi ilə Ermənistan adlandırıldıqdan sonra zaman-zaman həmin adlar aradan çıxarıldı, rayon partiya komitələrinin təqdimatı əsasında Ermənistan Ali Sovetinin plenumlarının qərarları ilə dəyişdirildi.
Çünki toponimlərin adlarının dəyişdirilməsi rayon səviyyəsində ola bilməzdi. Plenumların qərarı ilə adlar yenisi ilə əvəz olunurdu. Arxiv sənədlərində bunları aydın görmək olar. Əfsuslar olsun ki, keçmiş Sovetlər Birliyinin rəhbərləri də bunlara göz yummaqla, həm də dolayısı ilə dəstək verirdi. Erməni tərəfi hər vəchlə çalışırdı ki, azərbaynlıların sayını, türk mənşəli yer-yurd adlarını tarixi abidələrin üzərində bərpa işi aparmaqla, saxtalaşdırsın, xristianlaşdırsın. Hər kəsə məlum olduğu kimi, ermənilər digər millətlərə aid olanları, öz adlarına dəyişdirmək üzrə çox mahirdirlər. Necə ki, Alban kilsələrindəki xaç işarələrini ustalıqla saxtalaşdırıblarar. Ümumiyyətlə ermənilər bu vaxta qədər Qərbi Azərbaycanda 562 yaşayış məntəqəsinin - kəndin, şəhərin və s. adlarını dəyişdiriblər.
Bu xalqın tarixən dövləti olmayıb. Dünyada bunu sübut edəcək kifayət qədər tarixçilər və faktlar var. Kim dediklərimin əksini iddia edirsə, qədimdə erməni dövləti olub, o zaman zəhmət çəkib bu suala aydınıq gətisinlər. Son iki əsri nəzərə almadan qədimdə erməni dövləti olubsa, hansı ölkələrlə qonşu olub? Yaxud hansı ölkələrlə müharibə ediblər və ya iqtisadi əlaqələr yaradıblar?
Təbii ki, bu sualın cavabı yoxdur. Ola da bilməz, O səbəbdən ki, tarixən erməni dövləti olmayıb.
Bu günə isə vəziyyət dəyişib. Artıq ermənilərin etdikləri yalan və saxtakarlıqları işığa çıxarılmaqdadır. Qərbi Azərbaycan İcmasının əsas hədəflərindən biri də məhz erməni yalanlarını ifşa etmək olduğundan, tərəfimizdən atılan ardıcıl və təsirli addımların hədəfə dəyməsi, istər-istəməz mayası yalanla yoğrulan bu nankor xalqı narahat etməyə bilməz. Rusların dissident-yazıçısı Aleksandr Soljenitsın belə bir məhşur kəlamı var: “Yalan ifşa olunanda, gücün arxasında gizlənər”. Ona görə də ermənilər yalanlarının ifşa olunduqlarını gördükləri üçün Fransanın timsalında dünyanın bəzi güclərinin qoltuğuna sığınaraq gizlənməyə çalışırlar.
Lakin hesab edirəm ki, bu sığınmaların da bir faydası olmayacaq. Onlar nəhayət Azərbaycan həqiqətlərinin qarşısında boyun əyəcəklər və məcbur olub masaya oturacaqlar. Dövlətimizin uğurlu siyasəti nəticəsində 9 noyabr 2020-ci il tarixində olduğu kimi, tezliklə masa ətrafında oturmağa məcbur olacaqlar.
Ramiz müəllim, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlər olub. Bura toponimlərin və mikrotoponimlərin adlarının dəyişdirilməsindən tutmuş, maddi-mədəni irsin məhv edilməsinə kimi faktları əlavə etmək mümkundür. Bundan başqa, eyni zamanda bilirik ki, ermənilər öz havadarlarına arxalanaraq müxtəlif dövrlərdə Azərbaycan türklərinə qarşı həm də vəhşiliklər və vandallıqlar ediblər. Xatırladığınız və yaxud da eşitdiyiniz elə bir hadisə varmı ki, onu bizimlə bölüşmək istəyəsiniz?
- Ümumiyyətlə, ermənilər son iki əsrdir ki, insan hüquqlarının prinsiplərinə zidd olaraq, Azərbaycan türklərinə qarşı diskriminasiya siyasəti yürütməkdən heç vaxt çəkinməyiblər. Bu da ondan irəli gəlir ki, ermənilərə hamilik edən dövlətlər həmişə hayların etdiyi cinayətlərə göz yumublar. Cəza mexanizmləri işə düşməyincə onlar hər fürsətdə bizə qarşı müxtəlif cinayətlər törətməkdən çəkinməyiblər.
Məsələn baba və nənələrimiz danışırdılar ki, 1919-cu ildə ermənilər bizim kənddə “Hacı öyü” (yəni Hacı evi) deyilən bütöv bir tayfanın 72 nəfərinin tövlədə yandırılmaqla faciəvi şəkildə qətlə yetrildiklərini deyə bilərəm. Demək olar ki, həmin tayfanın nəsli ermənilər tərəfindən kəsilmişdir. Həmin nəslin sonuncu nümayəndəsi İsaxanoğlu Əsgər kişi olmuşdur ki, o da 1980-ci illərdə dünyasını dəyişdi. Oğlu Mirzə müəllim, onun məzar daşının üzərində ermənilər tərəfindən törədilmiş “Danaqıran soyqrımında məhv olmuş tayfanın sonuncu nümayəndəsi” yazdırmışdı. Hətta rayonun xüsusi xidmət orqanlarının əməkdaşları “Milli münaqişənin alovlandırılması” adı altında Mirzə müəllimi çək-çevirə saldılar.
O cümlədən gözümlə gördüyüm və bizim kəndin hər bir fərdinin qəlbində dərin yara buraxmış iki hadisəni də sizə danışmaq istərdim. Təxminən 60-70-cı illərdə erməni sürücülər tərəfindən bizim kəndin üç sakini, iki uşaq və bir mühatibə iştirakçısı eyni metodla, eyni ssenari üzrə yəni, yolun qırağında - səkidə durduqları zaman avtomobili üstlərinə sürərək qətlə yetirilib. Sonradan həmin sürücülərin həbs olunub olunmadığı isə bizlərə məlum olmadı. Bundan başqa kəndimizin iki qadın üzvünün qətlə yetirilməsi və sonuncu deportasiya ərəfəsində erməni faşistlərinin Nəbiyev Nərimanı dəmiryolunda “motovozla” fiziki məhvi gördüyüm hadisələrdəndir. Təsəvvür edin, ermənilər bizə qarşı bu qədər kin-küdurət içində yaşayırdılar. Düşünün, 1988-ci ildə Böyük Qarakilsə (İndiki Kirovakan rayonu) sakinləri erməni zülmündən canlarını qurtarmaq üçün Qazax rayonunun Xanlıqlar kəndinə sığınmaq istəyərkən köç edən əhalinin maşınlarının ermənilər tərəfindən güllə-boran edilir və bir neçə həmvətənimizin orada qətlə yetirilir. Hətta, ermənilər qətlə yetirilənlərin cəsədlərini belə götürməyə imkan verməmişdilər. Həmin an cəsədləri götürə bilmədiklərindən, fərayd edən ana-bacılarımızın qışqırıq səsləri, dağları-daşları yarırdı. Dəhşət idi. Gözümlə gördüyüm o zülmü hələ də unuda bilmirəm. Bir sözlə , ermənilərin biz türklərə qarşı törətdikləri faciələri saymaqla qurtarmaq olmaz.
Son olaraq bilmək istərdik, doğulub boya başa çatdığınız dədə-baba yurduna - Qərbi Azərbaycan ərazilərinə qayıdacağınıza nə qədər inanırsınız?
- Düşünürəm ki, bu sual hazırda bir çoxumuzu düşündürən məsələdir. Bəli, birmənalı olaraq əminəm ki, qərbi azərbaycanlı soydaşlarımız mütləq öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Məndə bu əminliyi yaradan bir neçə səbəb var.
Birincisi, artıq dünya düzəni dəyişir. Nə dövr o dövrdür, nə də Azərbaycan əvvəlki gənc respublika deyil. Biz bu gün kifayət qədər, güclü bir Azərbaycana sahibik. Ölkəmizin müdrik, eyni zamanda praqmatik siyasət yürüdən başçısı var. Dövlət başçımızın Qarabağla olduğu kimi, Qərbi Azərbaycanla da bağlı qəti mövqeyi və iradəsi ortadadır. Hansı ki, bir zamanlar çoxumuz Qarabağın özümüzə qayıdacağına inanmırdılar. Nə oldu?! Artıq, Qarabağ öz sahiblərini qucaqlayıb. Bu isə o deməkdir ki, qərbi azərbaycanlılar da 35 il həsrətini çəkdiyi yurdlarına mütləq qayıdacaq. Və biz o günləri görəcəyik. Məndə ikinci ümidverici səbəb isə Ümummilli Liderimiz Heydər Əliyevin dediklərinə bağlıdır. Ümumiyyətlə, diqqətinizə çatdırım ki, mən hələ gənc yaşlarımdan Heydər Əliyevin siyasətini hər zaman izləmişəm. Onun siyasətdə atdığı addımlar, verdiyi siyasi proqnozları təqib etmişəm. Hər zaman da şahidi olmuşam ki, Ulu Öndərimizin verdiyi proqnozlar özünü doğruldub. O cümlədən onun qərbi azərbaycanlıların qarşısında etdiyi çıxışı diqqətlə izləyənlər proseslərin addım-addım hansı istiqamətə getdiyini açıq görə bilər. Ulu Öndər nə deyirdi?! “Zaman gələcək, dünyada vəziyyət dəyişəcək. Azərbaycan öz haqqına qovuşacaq. Göyçəlilər də gedib öz yurdlarında yaşayacaq”. Əslində isə Ümummilli Lider göyçəlilərin timsalında bütün qərbi azərbaycanlıların, o cümlədən zəngəzurluların, ağbabalıların, irəvanlıların və qərbi azərbaycandan olan digər soydaşlılarımızın öz yurdlarına qayıdacağına işarə edirdi.
Bəli, bu gün dünyada və regionda baş verən hadisələri dərindən təhlil edərkən məlum olur ki, Ümummili Liderimiz bu məsələdə də haqlı və doğru proqnoz verib. Bu gün hadisələrin gedişatına baxarkən məndə doğma və müqəddəs torpaqlarımıza qayıdacağımıza dair zərrə qədər şübhə yeri qalmır. Biz möhkəm iradəyə malik olan prezidentimizin qəti və əzmkar tələbləri üzrə mütləq ata-babalarımızın uyuduğu torpaqlara qayıdacağıq. Hətta deyərdim ki, o günlər çox da uzaqda deyil. Çünki, bütün beynəlxalq konvensiyalar da Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu tanıyır.
Şərhlər