Adil Əliyev: “Regionda sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır”
04.02.2024 15:15 Siyasi reaksiya 198
Dünya və region üçün ən mühüm hadisələrdən biri məhz Cənubi Qafqazda sülhün bərqərar olunması və münasibətlərin normallaşaraq, əlaqələrin qurulmasıdır. Həqiqətən də regionun buna ciddi şəkildə ehtiyacı var və ölkəmizin səyləri nəticəsində Cənubi Qafqazda sülh gündəliyi üzərində iş aparılır.
Hazırda baş verənlərin fonunda ikiqütblü siyasətlə üz-üzə qalmışıq, belə ki, Azərbaycan və demokratik dövlətlər sülh sazişini dəstəkləyir və regionun inkişafının məhz sabitlikdə, əlaqələrin qurulmasında görürlər.
Digər qütbün təmsilçisi olan Fransa və erməni lobbisinin təsiri altında çıxış edən tərəf isə regionda sülhün əleyhinə mümkün ola bilən bütün imkanlarını səfərbər edib. Qeyd olunanlara baxmayaraq sülh gündəliyinin inkişafı prosessi hər şeyə rəğmən ölkəmizin qətiyyəti nəticəsində davam edir. Münaqişənin keçmişinə nəzər saldıqda görürür ki, heç də bir çox dövlətlər əvvəlcədən bu münaqişənin həllində maraqlı olmayıblar.
Məhz münaqişənin həlli ilə bağlı ATƏT-dən mandat almış Minsk qrupu bu illər ərzində münaqişənin dinc yolla tənzimlənməsinə heç bir töhfə verməmiş, 28 il ərzində aparılan danışıqlar yalnız imitasiya xarakteri daşımışdır. Məsələnin mahiyyətinə bu gün baxdıqda bir daha görürürük ki, elə həmin Minsk qrupunun üzvü olan Fransa bu gün regiondakı sülhün qarşısında ən böyük əngəldir.
Deməli, Fransa öz niyyətini uzun illər ərzində məhz Minsk qrupun fəaliyyəti çərcivəsində gizlətmiş, bu qrupun fəaliyyətindən Azərbaycanın imtina etdikdən dərhal sonra Fransa aşkar şəkildə əsl mahiyyətini ortaya qoydu.
Sülh prosesinə ölkəmizin töhfəsi
2020-ci ildə müharibə bitdikdən və Ermənistan kapitulyasiya sənədinə qol çəkdikdən sonra 5 əsas prinsip üzərində sülh müqaviləsinin imzalanması məsələsinə başlandı. Təəssüf ki, Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzaladığı və üzərinə öhdəlik olaraq götürdüyü Bəyanatın şərtlərinə riayət etmədi. Seperatçı rejimi tərksilah edib ölkəmizin ərazisindən çıxarmaq əvəzinə, ölkəmizə qarşı açıq-aşkar müxtəlif təxribatlara davam etdi. Seperatçı rejimin keçirdiyi “seçki”lərə dəstək verdi, təbrik məktubu göndərib mövqeyini təxribatçılardan yana nümayiş etdirməsi ölkəmiz üçün antiterror tədbirlərini qaçınılmaz etdi.
Nəticə də, ordumuz tərəfindən 2023-cü ilin sentyabrın 19-da 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri keçirildi. Bu əməliyyatın yeganə hədəfi hərbi təyinatlı obyektlər idi, yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri zamanı seperatçılar qısa zaman kəsiyində təslim oldular. Azərbaycan yenə də regionun inkişafının sülhdən başqa yolunun olmamasını və sülh müqaviləsinin bağlanmasının üzərində durdu.
Bu gün dünya yaxşı dərk edir ki, məhz sülhün əsas dəstəkçisi və təşəbbüskarı Azərbaycandır, ölkəmiz bütün platformalarda regionun gələcyini sülhdə, sabitlikdə gördüyünü ifadə edir.
Ermənistan provokasiyalara yox deməli, sülh müqaviləsini imzalamalıdır
Azərbaycanın sülh istəməyi təkcə kifayət etmir, Ermənistanda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atması zəruridir. Bu gün məhz Ermənistanın sülhə əngəl olmasını xarakterizə edən bəzi hallar mövcuddur.
Birincisi, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana və digər dövlətlərə qarşı ərazi iddialarını özündə əks etdirən normalar mövcuddur. Bu da məhz Ermənistanın ərazi iddialarının olmasının və belə olduğu halda sülh razılaşmasının mümkünsüzlüyünün əsas sübutudur.
İkincisi, Ermənistanın qoşulduğu beynəlxalq sənədlərin bir çoxunda Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qeyd-şərtlər nəzərdə tutulub ki, bunun da əsası ilk maddədə qeyd etdiyimiz normativ bazadan gəlir. Sözügedən beynəlxalq sənədlərdə Qarabağ üzərində Azərbaycanın suveren hakimiyyətini tanımadıqları barədə şərtləri dərhal aradan qalxmalıdır.
Üçüncüsü, Fransa və digər ermənipərəst ölkələr özlərində xaosdan qaçmaq, ölkələrinin problemlərindən azad olmaq məqsədilə regiondan əl çəkməlidi, habelə Ermənistan bu ölkələrin manipulyasiyalarına imkan verməməlidir. Məhz Ermənistanın təkrar silahlandırmaq cəhdləri, gələcəkdə bu ölkə tərəfindən müvafiq təxribatların və münaqişənin törədilməsinin anonsudur.
Bu gün ölkəmizin sülh gündəliyə ilə bağlı müsbət məqamlardan biri də odur ki, Ermənistanda Konstitusiyanın və Müstəqillik Aktınının, eləcə də digər normativ sənədlərdə dəyişikliklərin aparılması barədə müzakirələr başlanıb. Ümid edirik ki, bu, yaxın zamanda müsbət nəticəsini verəcək və erməni siyasətçiləri başa düşəcək ki, sülhdən başqa onlar üçün nicat yolu yoxdur.
Adil Əliyev,
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri
Şərhlər