ATƏT-in rəyi artıq hazırdır - seçkidən öncə

06.02.2024 11:01     Siyasi reaksiya     187

ATƏT DTİHB-nin Azərbaycanda seçkiləri müşahidə missiyasının seçki prosesini qərəzli və ədalətsiz şəkildə qiymətləndirəcəyi ilə bağlı məlumatlar medianın gündəmindən düşmür.

Bir çoxları hesab edir ki, bu yanaşma Qərb institutlarının Azərbaycana münasibətində artıq ənənə halını alıb ki, bunu da biz istər ATƏT-in əvvəlki seçkiləri qiymətləndirməsində, istərsə də son günlər AŞPA-nın yanaşmasında açıq gördük.

Reaksiya.az Musavat.com-a istinadən bildirir ki, məlumatlı mənbənin verdiyi xəbərə görə, ATƏT missiyasının seçkilərlə bağlı ilkin rəyinin mətni artıq hazırdır və dünən yeni mətn ABŞ Dövlət Departamentindən missiyaya göndərilib. Bildirilir ki, həmin rəy olduqca kəskin hazırlanıb. Hətta o qədər kəskin ki, bəzi sıravi ATƏT müşahidəçiləri buna açıq etirazlarını da bildiriblər. Onların da qənaəti ondan ibarətdir ki, missiya və ya onun yerinə qərar qəbul edənlər seçki prosesini nə olursa olsun, maksimum gözdən salmaq yolunu tutublar.

Müşahidəçilərə belə bir tapşırıq verilib ki, yerlərdə maksimum neqativ müəyyən etsinlər, heç kimlə, hətta media ilə belə kontakt etməsinlər.

Məlumata görə, missiyanın tərkibində olan amerikalılar tam dominant vəziyyətdədirlər və aşağıdan yuxarıya öz iradələrini hamıya qəbul etdirirlər. Bu isə digər ölkələrdən olan müşahidəçilərin haqlı narazılığına səbəb olur. Müşahidəçilərlə qərar verənlər arasında ciddi qarşıdurma mühitinin hökm südüyü, dava və sərt ittihamların kifayət qədər olduğu deyilir.

Bu yaxınlarda yayılan məlumatda bildirilmişdi ki, ATƏT missiyasında işə cəlb edilmiş yerli şəxslərə qarşı çox ağır və alçaldıcı münasibət göstərilir. Yerli tərcüməçilərdən birinin bu davranışın ən sərt formasını üzərində hiss etdiyi qeyd edilmişdi. Həmçinin ATƏT missiyasının regionlara səfərləri zamanı daxili davranış qaydalarına zidd olaraq nalayiq hərəkət etdiklıri də yayılan xəbərlər sırasına daxildir.

Reaksiya.az

Şərhlər