Füzuli şəhərində prezident seçkiləri üzrə səsvermə başlayıb

07.02.2024 08:53     Siyasi reaksiya     110

İşğaldan azad olunan Füzuli şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

“Report”un Qarabağ bürosunun şəhərə ezam olunan əməkdaşının xəbərinə görə, Füzulinin işğaldan azad edilən ərazilərində 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb.

Məntəqələrdə ümumilikdə 3619 seçici qeydiyyata alınıb.

Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə yaradılan 75 saylı məntəqədə 1351, “Azərişıq” ASC-nin Füzuli şəhərində yerləşən binasında yaradılan 76 saylı məntəqədə 976, Füzuli şəhəri bina 7a qeyri-yaşayış sahəsində yaradılan 77 saylı məntəqədə 1292 seçici var.

Füzuli şəhərində yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar