Ağdərə şəhərində seçki məntəqəsi açılıb, səsvermə keçirilir
07.02.2024 09:07 Siyasi reaksiya 145
İşğaldan azad olunan Ağdərə şəhərində növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, şəhərdə 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 59 saylı seçki məntəqəsi yaradılıb.
Ağdərə şəhər Mədəniyyət Evində yerləşən məntəqə səhər saat 08:00-da açılıb.
Məntəqədə 154 seçici qeydiyyatdadır.
Səsverməni yerli müşahidəçilər izləyirlər.
İşğaldan azad olunan Ağdərə rayonunun Suqovuşan qəsəbəsində də növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb.
Qəsəbədə yeni yaradılan 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsi səhər saat 08:00-da açılıb.
Səsvermə Suqovuşan tam orta məktəbində keçirilir.
Məntəqədə işğaldan azad olunan Talış kəndinə qayıdan sakinlər də daxil olmaqla 162 seçici qeydiyyatdadır.
Suqovuşanda ən yaşlı seçicinin 87, ən gəncinin isə 18 yaşı var.
Məntəqədə 15 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər səsverməni izləyirlər.
Məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Şərhlər