Şarl Mişel İlham Əliyevi təbrik etdi

08.02.2024 20:00     Siyasi reaksiya     37

Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

Reaksiya.az xəbər verir ki, Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.

Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.

Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.

Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.

Söhbət zamanı Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında ikitərəfli əsasda 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu qeyd olunub.

Reaksiya.az

Şərhlər