"Azərbaycanın bir qarış torpağı da düşmən tapdağı altında qala bilməz" - Bahar Muradova

23.08.2015 17:22     Siyasi reaksiya     2651

Bu gün Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il keçir. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, vitse spiker Bahar Muradova bu işğal faktı ilə bağlı Reaksiya.az-a müsahibə verib.

 

-Bu gün Azərbaycanın ən ağrılı, acılı günlərindən biridir. Füzuli və Cəbrayıl rayonlarının işğalından 22 il ötür. Və bu işğal hələ də davam etməkdədir. Millət vəkili olaraq bu barədə nə deyə bilərsiniz?

-Onu deyə bilərəm ki, işğal faktı Azərbaycanın son müstəqillik bərpa illərinin heç də rahatlıqla keçməməsinin bir daha göstəricisidir. Nəzərə alsaq ki, ölkəmizin öz müstəqilliyinin bərpası illəri məhz erməni təcavüzünün genişləndiyi, separatçılıq meyillərinin artdığı və ölkədə ictimai-siyasi durumun gərginləşdiyi bir zamanda başladı. Ona görə də  müstəqil dövlət quruculuğu prosesi öz mənfi təsirləri ilə yadda qaldı. Əlbəttə ki, ən ağrılı, qanlı-qadalı səhifələrimizdən biri də ərazilərimizin bir-birinin ardınca işğal olunması idi. 1993-cü ilin yayından gələn yol və ondan sonrakı hadisələr bizi həmin günləri çox ağrı-acıyla xatırlamağa vadar edir. Füzulinin, Cəbrayılın işğalı heç də digər rayonların işğalının törətdiyi nəticələrdən geri qalmır, öz ağırlığı, kəskinliyi ilə fərqlənir. Torpaqlarımızın böyük bir hissəsi hələ də erməni işğalı altındadır. Erməni işğalçıları qoşunlarının təmas xəttində daim provakasiyalar törətməklə, insan həyatına son qoymaqla təcavüzü davam etdirirlər. Bu gün Füzulidən, Cəbrayıldan ayrı düşmüş insanların ağrı-acısını bölüşən, dərindən bilən, bu problemin nədən ibarət olduğunu hiss edən bir insan kimi onların hər birini və eləcə də digər rayonlardan didərgin düşmüş insanların ağrı-acısını bölüşür, o yolda şəhid olanların xatirəsini çox böyük ehtiramla yad edir və xalqımıza dözüm dəyanət, mərdlik, cəsarət arzulayıram. Və demək istəyirəm ki, Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətdə hər zaman onun yanında olsunlar, düşməni təcavüzdən əl çəkməyə məcbur etməkdə ona dəstək versinlər.

-Qarabağ məsələsi ilə bağlı dünyanın ikili standartları hər zaman ön plana çıxır. Bunun qarşısını almaq üçün, ümumiyyətlə, Ermənistanı təcavüzkarlığını tamlığıyla tanıtdırmaq və təcavüzünə son qoymaq məqsədilə hansı addımlar atılır?

-Dünya ictimaiyyəti çox təəssüf ki, Minsk Qrupu başda olmaqla həmin ərazilərin işğaldan azad olunması məsələsində ciddi mövqe göstərmir. Və bu günkü digər ölkələrdəki bənzər hadisələrdə tutduğu mövqedən fərqli bir dözümlülük nümayiş etdirir. Əlbəttə ki, bunlar bizi çox narahat edir. Azərbaycan dövlətinin rəsmi siyasəti ondan ibarətdir ki, Azərbaycanın bir qarış torpağı da düşmən tapdağı altında qala bilməz. Öz gücümüzü, iqtisadi-siyasi, hərbi qüdrətimizi artırmaqla düşməni bizimlə hesablaşmağa və torpaqlarımızı işğaldan azad etməyə vadar etməliyik. Əlbəttə ki, ordunun gücünün artırılması, döyüş ruhunun, döyüş qabiliyyətinin yüksəldilməsi başlıca amildir. Bu prosesin beynəlxalq hüququn prinsipləri əsasında həll olunmasına tərəfləri cəlb etmək üçün. Əlbəttə ki, Ermənistanın bu gün dünya ictimaiyyətini saya saymaması, beynəlxalq təşkilatların bu problemin həlli ilə bağlı qəbul etdiyi qərara etinasız münasibəti və bu gün də dünyaya meydan oxuması məhz belə bir cəzasızlıq mühitinin mövcudluğundan irəli gəlir. Ona görə də biz bir dövlət olaraq həmin məsələlərə etirazımızı bildirir, müxtəlif beynəlxalq təşkilatların  müstəvisində bu məsələnin həlli ilə bağlı sənədlərin, qərarların, qətnamələrin qəbuluna çalışır, eləcə də düşməni təcavüzkar siyasətindən əl çəkməyə vadar edən digər təsirli tədbirlər görməkdə davam edirik. Ölkə prezidentinin söylədiyi kimi,  bizim səbrimiz hüdudsuz deyil, bütün bunlar səmərə verməyəcəyi təqdirdə Azərbaycan öz gücünü döyüş səhnələrində deyəcək və Ermənistanı təcavüzünə son qoymağa vadar edəcəkdir. Bu əlbəttə ki, bizim bu günkü düşüncələrimizin leytmotivini təşkil edir və yürütdüyümüz siyasət də, gördüyümüz işlər də, həyata keçirtdiyimiz tədbirlər də məhz o günü yaxınlaşdırmağa xidmət edir.

-Prezidentlə yanaşı ictimai-siyasi şəxslər, ümumiyyətlə hər kəs Qarabağ probleminin həllinə kiçik də olsa tövhə verməyə çalışır. Bu işdə millət vəkillərinin apardığı işlər, ümumiyyətlə parlament diplomatiyası lazımi səviyyədədirmi?

-Millət vəkilləri dövlətimizin bu istiqamətdə yeritdiyi siyasətdən fərqli siyasət ortaya qoya bilməz. Bilirsiniz ki, dövlətin siyasəti onun ali nümayəndəsi - ölkə prezidentinin və Xarici İşlər Nazirliyinin praktik cəhətdən həyata keçirdiyi tədbirlərdə və tutduğu mövqedə özünü əks etdirir. Biz də millət vəkilləri, ictimai-siyasi fəallar olaraq, eləcə də QHT-lərin, cəmiyyətin müxtəlif təbəqə nümayəndələrinin, ziyalılarımızın, tarixçilərimizin, bütün hər bir nəfərin yeritdiyi siyasət, tutduğu mövqe bu siyasətə dəstək ruhunda olmalıdır. Onu daha da gücləndirmək, düşmənin hər hansı bir nümayəndəsi ilə, hər hansı bir beynəlxalq tədbirdə, hər hansı bir ünsiyyət zamanı barışmaz və güzəştsiz mövqe tutmaqda özünü göstərməlidir və biz də bunu edirik. Biz millət vəkilləri parlament diplomatiyası ilə bu rəsmi siyasətə dəstək vermək və beynəlxalq təşkilatlarda  Azərbaycanın ədalətli mövqeyini əks etdirən qərarların qəbuluna, mövqelərinin formalaşmasına çalışırıq. Bu istiqamətdə də müəyyən nailiyyətlərimiz var. Bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsi ilə əlaqədar mövqelərini ifadə edən sənədlər qəbul ediblər. Avropa Şurası Parlament Assambleyasını, bu yaxınlarda ATƏT Parlament Assambleyasının yay sesiyasında qəbul olunan sənədi xüsusilə vurğulamaq istəyirəm. Bu sənədin qəbuluna çalışdıq və nail olduq. Ermənistanın təcavüzkar siyasətini ifşa edən, Azərbaycan ərazilərinin işğal altında olduğunu bəyan edən bu məsələyə dözümsüzlüyün vacib olduğunu göstərən beynəlxalq ictimaiyyətin, o cümlədən Minsk Qrupunun fəaliyyətinin artırılmasının vacib olduğunu göstərən belə bir sənədin qəbul olunmasına nail olduq. ATƏT-in Parlament Assambleyası tarixində ilk dəfə idi ki, belə bir sənəd qəbul etdi, belə bir ciddi müzakirə keçirildi. Və Ermənistanın mövqelərini ifşa edən, bu məsələdə təcavüzkar siyasətinin mahiyyətini göstərən bir sənəd ortaya qoydu. Parlament diplomatiyası sayəsində biz belə sənədlərin qəbul olunmasına çalışırıq. Dostluq qrupları vasitəsilə, digər ölkələrin parlamentlərində mövcud olan dostluq xətti ilə o ölkələrin ictimaiyyətində, parlamentində deputatları bu məsələ ilə bağlı dəqiq, obyektiv informasiya almağa, vəziyyətin nə yerdə olduğunu onlara izah etməyə və öz ölkələrinin siyasətinə təsir göstərməyə vadar edən mövqelər tutulmasına çalışırıq. Əlbəttə ki, bütün bunlar zərrə-zərrə də olsa ümumi işə müəyyən mənada kömək edir və biz bir sıra ölkələrdə, o cümlədən ABŞ-ın 7-dən artıq ştatında Ermənistanın təcavüzkar siyasətini ifşa edən, Dağlıq Qarabağ problemində Azərbaycanın ədalətli mövqeyini göstərən sənədlərin qəbuluna nail olmuşuq. Bu Ermənistanın hansısa ciddi addımlar atmağa vadar etməsə belə, beynəlxalq ictimaiyyətin mövqeyinin formalaşmasında ayrı-ayrı ölkələrin bu məsələlərdəki siyasətlərinin və mövqelərinin formalaşmasına təsir göstərir ki, bunlar da heç az əhəmiyyətli məsələlər deyil. Hesab edirəm ki, öz üzərimizə düşən işin öhdəsindən gəlməyə çalışırıq və ölkə prezidentinin yeritdiyi siyasətdə hər zaman onun yanındayıq. Ermənistan parlamentariləri, siyasətçiləri ilə mübarizədə son illər hər zaman onların mövqeyinin zəifliyini, ədalətsizliklərini subut edən mövqe numayiş etdiririk. Azərbaycan həqiqətləri dünya ictimaiyyəti tərəfindən artıq inkar oluna bilmir, qəbul olunmaqdadır. İstər İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, istərsə də NATO-nun ötən ilki tədbirlərində Dağlıq Qarabağ statusunun qəbul edilməzliyini özündə əks etdirən sənədin qəbul olunmasını götürək. Bilirsiniz ki, NATO hərbi təşkilatdır, o belə bir münaqişələrlə məşğul olmur, ancaq bununla belə onun da sənədində bu cür mövqelərin öz əksini tapması onu göstərir ki, parlament diplomatiyası heç də az əhəmiyyət kəsb etmir. Və daha geniş arealda beynəlxalq ictimaiyyətin bu məsələlərdə düzgün mövqe tutmaları üçün məlumatlandırmaqda çox vacib rol oynayır. Bu istiqamətlərdə çalışırıq və bundan sonra da fəaliyyətimizi bununla əlaqədar davam etdirəcəyik.

-Millət vəkili olaraq KİV-lərin Qarabağ məsələsi ilə bağlı fəaliyyəti sizi qane edirmi?  Azərbaycan jurnalistikasının söz müharibəsində yerini necə qiymətləndirirsiz? Nə kimi tövsiyyələriniz ola bilər?

-İstənilən sahədə mətbuatın tutduğu mövqeyin çox ciddi əhəmiyyət kəsb etdiyini açıq şəkildə vurğulayırıq və vurğulamalıyıq. Fakt olaraq da bu, hazırda belədir və təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün keçərlidir. İstənilən məsələlərdə mətbuat həm mənfi, həm də müsbət rol oynaya bilər və oynayır da. Bütövlükdə Azərbaycan mətbuatının bu sahədə tutduğu mövqe məni qane etsə də, əlbəttə ayrı-ayrı məqamlarda narazı qaldığımız məqamlar da olur. Bu, istər ölkə daxilində müvafiq qurumların, hərbi rəhbərliyin atdığı addımların ictimaiyyətə çatdırlması, şərh olunması, təhlil edilməsi ilə bağlı atılan mövqelərə də aiddir. Azərbaycana yönəlik siyasətlərdə ikili standartların mahiyyətinin açılması və onun cavabının layiqincə verilməsi məsələsinə də aiddir, eləcə də ayrılıqda götürsək, Qarabağ məsələsinin həm ölkə içində, həm də dünyada bu proseslər çərçivəsində dünyanın tutduğu mövqeyə də aiddir. Əlbəttə ki, narazı qaldığım məqamlar da olur. Hesab edirəm ki, bütövlükdə Azərbaycan mətbuatı da bu dövr ərzində yetkinləşdi, müəyyən mənada bu sahədə pislə yaxşını ayırmağa, hədəfə doğru gedən proseslərə daha çox işıq tutmağa və daha çox bu məsələləri gündəmdə saxlamağa çalışır. Bir çox hallarda mətbuat bu hadisələri qabaqlayacaq addımların atılmasında müəyyən mənada təsirli olur. Bu yaxınlarda yalnış, dəqiqləşdirilməmiş, düşmən tərəfin marağına xidmət edəcək məlumatların çox sürətli və geniş şəkildə yayılmasında iştirakı məsələləri oldu və bununla bağlı Azərbaycan dövlətinin, ictimaiyyətinin tutduğu mövqe tam doğrudur. Bilirsiniz ki, Müdafiə Nazirliyinin həyata keçirdiyi fəaliyyətlər, tədbirlər içərisində bununla bağlı mövqelər var. Və Cənab Prezidentin də cəbhə zonası, təmas xəttinə yaxın rayonlardakı bu məsələlərdə həyata keçirilən tədbirlərdə də bu öz əklsini tapıb. Düşünürəm ki, mətbuat işçiləri bütün bunları mətbuat azadlığının məhdudlaşdrılması kimi yox, mətbuatın imkanlarının bu məsələnin həllində lazımı istiqamətə yönləndirilməsi tədbirləri kimi qəbul etməlidir. Üzərinə götürdüyü öhdəliyi anlayaraq bunu etməlidir. Çünki bütün fəaliyyətlərimizin əsas hədəfi müstəqil Azərbaycanımızın möhkəmləndirilməsi, insanların həyatının yaxşılaşdırılması, Azərbaycana yönəlik siyasətlərdəki bəzi məqamları zamanında ictimaiyyətə çatdırmaq və mövqelərin formalaşmasına təsir göstərmək, öz-özlüyündə təkcə məlumat ötürücüsü deyil, həm də mövqelərin formalaşdırılmasına təsir göstərən orqandır. Analitik təhlillər, ardıcıl məqsədyönlü fəaliyyət mətbuatın bu sahədəki imkanlarını daha da genişləndirmək, həm də prosesə müsbət təsir göstərmə baxımından çox əhəmiyyətlidir. Buna görə də düşünürəm ki, media kapitanları, bu sahəyə rəhbərlik edən şəxslər həm mətbuatın fəaliyyətinə şərait yaradan qanunları, həm də müəyyən mənada onun məsuliyyətini artırmağa xidmət edən məhdudiyyətləri anlayışla qəbul etməlidirlər. Fəaliyyətlərində bunu doğru-düzgün tətbiq etməlidirlər ki, ümumi işimizə xələl gətirən fəaliyyətlərin arasında onların adları keçməsin, iştirakları olmasın.

Şərhlər

Çox oxunanlar