"Yeni müharibə ocağı təmamilə realdır" - Zahid Oruc

24.08.2015 13:06     Siyasi reaksiya     2211

Xəbər verildiyi kimi, son günlər Cənubi Koreya ilə Şimali Koreya arasında münasibətlər çox gərginləşib. Hətta, ikinci tərəf cənuba doğru raket zərbələri endirib. Bu isə təkcə Şərqi Asiya regionu ölkələrini deyil, rəsmi Vaşinqtonu da bərk narahat edir. Bu səbəbdən ABŞ öz müttəfiqi olan Cənubi Koreyaya B-52 qırıcılarını göndərməyə hazırlaşır. Məqsəd isə Şimali Koreyanın hava və quru hücumlarının qarşısını almaqdır.

Reaksiya.az bu olayla bağlı millət vəkili, politoloq Zahid Orucun fikirlərini öyrənib.

Zahid Oruc Şərqi Asiya regionunda yeni bir müharibə ocağının yaranma ehtimalı olduğunu bildirib: “Şimali Koreya rəhbərliyi məlum ultimatumları verəndən və ordu birləşmələrini ən yüksək hərbi hazırlıq vəziyyətinə gətirməklə bölgədə gərginlik artmasından xəbər verdi. Şimali Koreya rəhbərliyinin davranışları bölgə üçün həmişə təhlükə doğurub. Həmin siyasi hakimiyyətin rejim forması kimi təyinatından daha çox, bəlkə də bu məsələ daxili hadisə kimi götürülərdi. Bütövlükdə isə, onların həmin regiona yönələn maraqları, planları dünya üçün kifayət qədər narahatlıqlar doğurur. Sonuncu məsələnin isə əslində köklü bir əsası yoxdur. Cənubi Koreya özünün təhlükəsizliyini qorumaq üçün alternativ addımlara əl atır və bu sırada ABŞ tərəfindən regiona xüsusi silahların, texnikanın, xüsusilə də qırıcı təyyarələrin verilməsi o deməkdir ki, yeni müharibə ocağı təmamilə realdır, bu yarana bilər”.

Millət vəkili həmçinin, BMT və digər beynəlxalq qurumların təhlükəsizliyə, əməkdaşlığa cavabdehlik daşıya bilmədiyini də vurğulayıb, bu hadisəni əlavə gərginlik ocağı, əlavə itkilər kimi qiymətləndirib: “Bu əsnada onu göz önünə gətirmək lazımdır ki, burada resurslar artıq kifayət qədər fərqlidir. Yəni qarşı tərəf heç bir addımına sanki cavabdehlik daşımır. Onları beynəlxalq hüquq yurisdiksiyası altına salmaq mümkün deyil. Şimali Koreyadakı hakimiyyətin planları yaxın Şərqdəki İŞİD terroru və onların dövlətçiliyə çevrilməsi niyyətləri ilə az qala sinxron şəkildə oxşarlıq təşkil edir. Ona görə də əgər bu gün dünya üçün yeni bir təhlükə məkanı meydana çıxacaqsa, bu, avtomatik əlavə gərginlik ocağı, əlavə itkilər deməkdir. Həmçinin də dünyada dərhal beynəlxalq münasibətlər sistemi daha da toqquşmağa meyilli olur. Onsuz da, Ukrayna ətrafında məlum prosesləri tənzimləmədən, İraq məsələsinə sonuc tapmadan, indi isə əlavə olaraq Asiya qitəsində məlum proseslər öz-özlüyündə onu sübut edir ki, hazırkı dövrdə nə BMT, nə digər beynəlxalq qurumlar təhlükəsizliyə, əməkdaşlığa cavabdehlik daşıya bilir. ATƏT Avropa regionu üçün məsuliyyət daşıyan bir qurumdur. Onun 1975-ci ildən qəbul olunmuş bir Helsinki yekun aktı var və bu qurum həmin sənəd üzərində qurulub”.

Hadisələri analiz edən politoloq problemlərin həlli yollarına da aydınlıq gətirib: “Açıq şəkildə  görünən odur ki, bütün beynəlxalq qurumların fundamental prinsipləri yeni dünya düzəninə hazır deyil. Dünya dəyişib, ancaq beynəlxalq təşkilatlar bu prosesləri cilovlamaq gücündə deyil. Ona görə də hesab edirəm ki, əsas yeddilər, güc mərkəzləri, Rusiyanı da bu proseslərə qoşaraq yeni hüquqi aktlar, sənədlər, çəkindirici addımlar düşünməlidirlər ki, belə problemlər meydana çıxmasın”.

Şərhlər