AŞPA-dan geri addım: Azərbaycanla bağlı müraciət olundu... - Durum dəyişdi
28.02.2024 10:45 Siyasi reaksiya 139
Azərbaycanla bağlı mövcud reallığın dəyişdirilməsi üçün Avropa Şurası Parlament Assambleyasına dost, tərəfdaş ölkələrin müraciətləri davam edir. Sözsüz ki, bu istiqamətdə ünvanlanan məktubların sayı bundan sonra da artacaq. Reallığı başa düşən siyasətçilər AŞPA-nın özünü nə qədər dərin bir quyuya atdığının fərqindədir. Buradan çıxmaq təşkilat üçün müşkül və mürəkkəb bir məsələyə çevrilib.
Reaksiya.az Teleqraf.com-a istinadən bildirir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, AŞPA öz davranışları ilə maraqsız bir quruma çevrilib: “Azərbaycan AŞPA-da yoxdursa, o, gündəmdən çıxıb. Hazırda Fransanın aqibətini yaşayır. Təəssüf ki, bu beynəlxalq təşkilat reallıqdan tamamilə uzaq bir yol seçdi. Onlar düşündülər ki, təzyiq və təhqirlə, qeyri-obyektiv “sənəd” və “qətnamələr”lə nüfuz qazanacaqlar. Nəticədə əks proses baş verdi. Beləliklə, AŞPA olan-qalan nüfuzunu itirərək özünü gündəmdən çıxartdı”.
Millət vəkili bildirib ki, bu gün Münxen Təhlükəsizlik Konfransı, Asiya Parlament Assambleyası, ATƏT və sair haqqında danışılır, amma AŞPA yada düşmür: “Görünən odur ki, onlar bu prosesdə uduzdu. Çünki AŞPA-nın Azərbaycanla bağlı qərarı qeyri-qanuni idi. Bunu necə aradan qaldıracaqlarını AŞPA rəsmiləri düşünməlidir. Bu “qərar”ı Azərbaycan qəbul etməyib. Əvvəlcədən də Azərbaycan nümayəndə heyəti olaraq onlara bildirdik ki, qəbul etdiyiniz qərarın nəticələrini aradan qaldırmaq çətin olacaq”.
Səməd Seyidova görə, AŞPA-dan Azərbaycana qarşı seçilmiş siyasət iflasa uğrayıb: “Bu gün AŞPA özünün yanlış qərarlarının aqibətini yaşayır. Bu, getdikcə özünü daha çox büruzə verəcək. Azərbaycan üçün bu təşkilat bir platforma idi. Vaxtilə keçmiş Dağlıq Qarabağ məsələsi burada müzakirə olunurdu. II Qarabağ müharibəsindən sonra isə mövcud reallıqları Ermənistanla müzakirə etmək üçün AŞPA yaxşı bir platforma olmuşdu. Amma indi Avropanın dəstəklədiyi Ermənistan üçün də bu yol bağlandı”.
Reaksiya.az
Şərhlər