"Qərbin əsas hədəfi Putinin uzaqlaşdırılmasıdır"

24.08.2015 16:33     Siyasi reaksiya     2365

Xəbər verildiyi kimi, ABŞ-ın nüfuzlu "Forbes" jurnalında Kreml ilə bağlı sensasion məqalə dərc edilib. Məqalədə deyilirdi ki, SSRİ-nin dağılmasından dörddə bir əsr sonra kremlenoloqlar Vladimir Putinin hədsiz yüksək reytinqinə baxmayaraq havadan çevriliş iyinin gəldiyini hiss edirlər.

Reaksiya.az məqalədə səslənən fikirlərin həqiqətə nə qədər uyğun ola biləcəyini öyrənmək məqsədilə politoloq Qabil Hüseynli ilə əlaqə saxlayıb.

Politoloq bu barədə birmənalı fikir söyləməyin çətin olduğunu bildirib: “Rusiyada siyasi vəziyyətin gərgin olduğunu söyləmək mümkündür. Çünki Rusiyada iqtisadi münasibətlər gərginləşib. Qərb də Rusiyanı yeni sanksiyalarla hədələyir. Bu hədələr içərisində Rusiya neftindən imtina  edilməsi, eyni zamanda, Rusiyanın beynəlxalq bank sistemindən uzaqlaşdırılması kimi müddəalar dayanır. Sivil sistemdən uzaqlaşdırılandan sonra Rusiya avtomatik olaraq  dünyanın heç bir bankı ilə əlaqə saxlaya bilmir. Belə olacağı təqdirdə Rusiyada inflyasiya və rublun məzənnəsinin düşməsi prosesi daha da sürətlənəcək. Həmçinin də iş adamlarının, oliqarxların, xariclə ticarət əlaqələri xeyli pisləşəcək. Pul köçürmək, xaricdə olan pulları almaq, partnyorla maliyyə əlaqələrini saxlamaq və sair xeyli çətinləşəcək. İndi Rusiyada rubl dünən özünün ən yüksək səviyyəsinə qalxmışdı, üstəlik də maliyyə bazarında gərinləşmə davam edir, xaricə idxal məsələləri də məhdudlaşdırılıb. Belə bir şəraitdə siyasi elita içərisində gərginlik artır. Bu günlərdə indiyə qədər baş nazir kimi səsi çıxmayan Medvedev artıq Rusiyanın iqtisadi layihələri barədə bəyanatla çıxış etməyə başlayıb. Bundan başqa müəyyən oliqarxların arasında narazılıqlar hiss edilməkdədir, oliqarxların parçalanması haqqında rəylər yayılır. Əhalinin arasında da etiraz notları qalxmaqdadır. Siyasi müxalifətin nümayəndələri əhalini itaətsizliyə çağırır”.

Politoloq Rusiya ilə Çin arasında imzalanacaq qaz sazişinin gələcək aqibətinə də aydınlıq gətirib: “Rusiyanın Çinlə olan planları da artıq iflasa uğrayıb. Çinlə 400 milyard dollarlıq qaz sazişi imzalanmaya bilər. Əvvəla, Çinin özünün də vəziyyəti pisləşmək üzrədir. Çin qazın qarşılığında veriləcək pulu dollarla deyil, yuanla almaq istəyir. Bu səbəbdən də tərəflər arasında narazılıq yaranıb. Bu da onu deməyə əsas verir ki, Qərbdən qopan Rusiyanın üzünü Şərqə çevirməsi də uğursuzluğa düçar olub. Əhali, oliqarxlar yaxşı bilir ki, qərbin əsas mövqeyi Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Ona görə də əhali arasında müəyyən fikirlər yayılıb. Sözsüz ki, bu məsələlərə özünün müxtəlif  yollarla, ideoloji-siyasi dəstəyini əsirgəmir. Demək olar ki, yaxın vaxtlarda Rusiya üçün siyasi böhran əlamətdar olacaq”.   

Şərhlər