Bayramov Popşoya sülh prosesindən danışdı

02.03.2024 19:05     Siyasi reaksiya     139

Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Reaksiya.az-a bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında çoxtərəfli platformalarda (BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM) həyata keçirilən uğurlu əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiyalar, ticarət, enerji, nəqliyyat kimi sahələrdə ikitərəfli əlaqələrin geniş potensiala malik olduğu bildirilib, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi diqqət ayrılmasının, eləcə də yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında müzakirələr aparılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar