"Əli Kərimli gedib "Yurd" təşkilatına sədrlik etsin" - Razi Nurullayevdən məsləhət
25.08.2015 17:14 Siyasi reaksiya 3148
AXCP-də istefalar davam edir. Partiyanın Suraxanı rayonu üzrə 6 üzvü də istefa verərək Razi Nurullayevin formalaşdırdığı AXCP-yə qoşulduğunu bəyan edib.
Reaksiya.az-a açıqlama verən AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri R.Nurullayev partiyanın parçalanması ilə bağlı fikirləri inkar edib: “AXCP-nin parçalanmasından söhbət gedə bilməz. AXCP-nin bütövləşməsindən və Əli Kərimlinin əsarətindən azad olmasından söhbət gedir. Biz yeni AXCP yaratmaq iddiasında deyilik. Hazırda Azərbaycanda 2 AXCP fəaliyyət göstərir. Bir tərəfdə özünü cəmiyyətin gözündən salmış, bir nəfərin maraqlarına xidmət edən, eyni zamanda heç bir gələcək siyasi perspektivi olmayan və insanların inamını itirmiş Əli Kərimlinin başçılıq etdiyi, hüququn, təmsilçiliyin hələ də onda olduğu AXCP, digər tərəfdə düzgün cəbhəçilərin toplaşdığı, Əli Kərimlinin təkbaşına siyasətindən və tək hakimiyyətindən yorulan cəbhəçilər, eyni zamanda Azərbaycanda iqtidarla müxalifət arasında siyasətin Türkiyə modelini yaratmağa iddialı R.Nurullayevin başçılıq etdiyi AXCP”.
R. Nurullayev Əli Kərimlinin illərdir rəhbərlik etdiyi partiyadan istefa verənlərin bəyanatla onun başçılığı altında birləşməsini Ə.Kərimlinin siyasi sonluğunun çatması kimi dəyərləndirib.
Sentyabrda keçiriləcək qurultaya ciddi hazırlaşdıqlarını bildirən R.Nurullayev Əli Kərimliyə "Yurd" təşkilatına rəhbərlik etməyi məsləhət görüb: “Biz Ə.Kərimlinin illərlə görmədiyi işi bir neçə ay ərzində görəcəyik. Çünki insanlar bizə inanır. Qurultayda hüquqi təmsilçiliyi əldə etmək üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. İnanıram ki, elə bu il AXCP-nin siyasi və hüquqi təmsilçiliyini də əldə etmiş olacağıq. Ondan sonra , düşünürəm ki, Əli Kərimli siyasətdə qalmaq istəsə, bunu ona heç kim qadağan edə bilməz. Yenə də siyasət onun üçün açıqdır, istəsə gedib özünün yaratdığı "Yurd" təşkilatına da sədrlik edə bilər”.
Şərhlər