Həsrət Rüstəmov: “Bu isə ölkəmizə qarşı istifadə olunur”

09.06.2015 12:43     Siyasi reaksiya     2117

ADP sədrinin müavini Həsrət Rüstəmov son günlərdə Azərbaycana qarşı müxtəlif transmilli media şirkətlərində yayınlanan qərəz dolu materialların kökündə İslamofobiya faktının dayana biləcəyini Reaksiya.az – a açıqlamasında bildirib. O, bildirib ki, dünyada islamofobiyanın mövcudluğu faktdır: “Bəzən çox tanınmış isimlər belə islam dini, islam ölkələri və xalqları ilə bağlı açıq bəyanatlar belə verirlər. Təbii ki, bu xoşagəlməz tendensiyadır və islam dinini yaxından tanımayanlar, Quranda insanlıq, peyğəmbərlər, xristianlıq və Musəvilik haqqında yazılanlardan xəbərsiz olanlar əsasən bu tendensiyanı müdafiə edirlər. Başqa tərəfdən isə islamofobiya bir siyasi və iqtisadi mahiyyət daşıyır. daha doğrusu islama qarşı cəbhə açanlar bundan siyasi və iqtisadi mənfəət güdürlər. Azərbaycana qarşı da belə meyllər daim hiss olunur. Amma bu gün qərb mətbuatında bizə qarşı yazılan yazıların, aparılan təbliğatların hamısını islamofobiyanın ayağına yazmaq və ya ermənipərəst davranış kimi dəyərləndirmək də düzgün deyil. Çünki dünyada bir siyasi, iqtisadi və mədəniyyət yarışı gedir, bu yarışda ciddi rəqabət var. Azərbaycan öz miqyası və siyasi iqtisadi potensialı ölçüsündə bir rəqib kimi bu yarışa qoşulub. Təbiidir ki, bu yarışda bizi istəməyən, irəliləməyimizə mane olan qüvvələr həmişə tapılacaqdır. əsas məsələ odur ki, biz dünyadakı dostlarımızı, rəqibləri və düşmənləri dəqiq müəyyən edək, onları düzgün təsnifləşdirə bilək və əməlimizlə, apardığımız siyasətlə düşmənlərə deyil dostlarımıza kömək edək. Təəssüf ki, hakimiyyət də, bəzən müxalif qüvvələr də xaricdə bizə ziyan verəcək addımlar atırlar, bu isə ölkəmizə qarşı istifadə olunur”.

Şərhlər