Minsk qrupunun taleyinə aydınlıq gətirildi – Ləğv ediləcək…
17.08.2024 19:33 Siyasi reaksiya 396
Rəsmi Vaşinqton həm Azərbaycan, həm də Ermənistanla istənilən formatda işləməyə hazırdır. Bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinin ATƏT-in Minsk qrupunun sonrakı taleyi və ABŞ-ın bu formatla bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib.
“ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”.
Azərbaycan ABŞ-ın sülh prosesinə dəstək verəcəyini düşünür? Rəsmi Vaşinqton ATƏT-in Minsk qrupunun fəaliyyətini özü təkbaşına icra etmək istəyir?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ATƏT-in Minsk qrupu deyə bir qurum artıq yoxdur:
“Ümumiyyətlə, bu qurumun adının belə hallanması qəribədir. Azərbaycan İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə Dağlıq Qarabağ münaqişəni həll etdi. ATƏT-in Minsk qrupu 30 il ərzində bu münaqişənin dinc yolla həll edilməsi üçün yaradılmışdı. Amma nəticə etibarilə münaqişə müharibə ilə həll edildi. Yəni qurum missiyasını yerinə yetirə bilmədi.
İllərlə boş, mənasız səfərlərdən başqa qurum heçnə etmədi. Əksinə, müəyyən vaxtlarda həmsədrlərin adı Ermənistanın “konyak diplomatiyası” ilə hallandı. Yəni həmsədrlər erməni arağından içib, rüşvət aldı. Xoşbəxtlikdən rəsmi Bakı vaxtında düzgün addım atdı və prosesi öz reallıqlarımız ilə həll etdik.
O ki qaldı ABŞ-a, Vaşinqton son zamanlar sülh istiqamətində pozitiv bəyanatlar verir. Amma bu bəyanatlar ona dəlalət etmir ki, ABŞ prosesi təkbaşına həll edə bilər. Təcrübə göstərir ki, Azərbaycan və Ermənistan ikili danışıqlar ilə daha effektiv nəticə əldə edə bilir. Buna görə ABŞ-ın vasitəçiliyinə ehtiyacımız yoxdur. Bununla belə Rusiya faktoru var və ən azından onu bloklamaq üçün ABŞ-ın prosesdəki varlığına göz yumuruq”.
Şərhlər