Rusiyanı qıcıqlandıran nədir? - NATO baş katibinin Gürcüstan səfəri

26.08.2015 13:46     Siyasi reaksiya     2160

Bugün NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana 2 günlük səfəri başlayır. Y. Stoltenberqin səfər çərçivəsində Gürcüstanla NATO-nun müştərək təlim bazasının açılışında iştirak edəcəyi gözlənilir.

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze mətbuata açıqlamasında təlim bazasının açılmasının birmənalı qarşılanmadığını, bir çox spekulyasiyalara yol verildiyini bildirib.

Reaksiya.az-a bu barədə açıqlama verən deputat Fazil Mustafa NATO-Gürcüstan əməkdaşlığının yenilik olmadığını bildirib: “Hadisələrin indiki gedişi ümumi proqramla həyata keçirilir. Gürcüstanın NATO-ya üzvlüklə bağlı müraciəti bu əməkdaşlığın dərinləşməsində özünü göstərib.Bu baxımdan da belə təlimlərin keçirilməsi normal hal hesab oluna bilər”.

Rusiya tərəfindən bu məsələnin başqa yola istiqamətləndirilməsinə münasibət bildirən F. Mustafa bu fikirlərin yaranmasını  indiki halda Rusiya ilə gərgin münasibətlər fonu ilə əlaqələndirib: “Təlimlərdə NATO ilə əlaqəsi olan ölkələrin iştirakının nəzərdə tutulması normal haldır. NATO-nun işğalçılıq siyasəti səbəbindən Rusiyaya münasibəti  düşmən həddindədir. NATO-nun Rusiyaya Gürcüstan üzərindən mesaj verməsi, sözsüz ki, Gürcüstanın da maraqlarına xidmət edir. Rusiyanı qıcıqlandıran əsas məsələ onun fikirlərinin nəzərə alınmamasıdır”.

Şərhlər