Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
13.05.2025 19:11 Siyasi reaksiya 72

Mayın 13-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əhliman Əmiraslanov Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini və möhkəmləndiyini bildirib. O diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl bir dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və Türkiyənin uğurları Azərbaycanı da sevindirir.
Əhliman Əmiraslanov Türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından danışaraq, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.
Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışıb. O, əlaqələrimizin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib.
Şamil Ayrım PKK terror təşkilatının özünü buraxdığını elan etməsi ilə Türkiyənin təxminən 50 illik bir dövrdə mübarizə apardığı terror bəlasının sona çatdığını qeyd edib. O, Türkiyə və Azərbaycanın bundan sonra da bölgədə birlikdə daha da güclənəcəyinə inamını ifadə edib.
Görüşdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Milli Məclisin deputatı Eldar Quliyev, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri Anıl Kaya Türk dövlətləri arasında münasibətlərə dair fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycana bu səfər çərçivəsində ADA universitetində keçirdikləri görüşdən və bu ali təhsil ocağı ilə tanışlıqdan məmnunluqla danışıblar. Eyni zamanda, təhsil sahəsində əməkdaşlığın, qarşılıqlı tələbə mübadiləsinin vacibliyini qeyd ediblər.
Şərhlər