Nəsiminin Hələbdəki məzarı BƏRPA EDİLƏCƏK - Muxtar Bəydili

14.07.2025 20:33     Siyasi reaksiya     245

 

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi səfərlə Azərbaycana gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Görüşdə siyasi və iqtisadi məsələlərlə yanaşı, humanitar və mədəni əməkdaşlıq da əsas müzakirə mövzularından biri olub. Söhbətlər nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm qərarların qəbul edildiyi bildirilib.

Məkanın özəlliyi və təşəbbüsün simvolik mənası

Müzakirə edilən əsas məsələlərdən biri – Azərbaycanın dahi şairi və filosofu İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının bərpası ilə bağlı olub. Qeyd edək ki, Nəsimi Hələbdə, onun adı ilə bağlı olan bir təkyədə – əl-Fərafirə məhəlləsində dəfn olunub. Bu təkyə, tarixi “Sultan hamamı” ilə üzbəüz və keçmiş hökumət binasının yaxınlığında yerləşir. Məkanın özəlliyi yalnız memarlıq və tarix baxımından deyil, fəlsəfi və mənəvi yaddaş baxımından da əvəzolunmazdır.

Əldə olunan məlumata əsasən, Hələb şəhərindəki yerli türkmən icmasının təşəbbüsü və Azərbaycan tərəfinin mədəni əməkdaşlıq iradəsi çərçivəsində Nəsiminin məzarı və ətraf ərazi bərpa ediləcək. Rəsmi mənbələr təsdiqləyir ki, bu məsələ prezidentlər səviyyəsində keçirilən bugünkü görüşdə də müzakirə olunub. Bəyanatlara görə, iki ölkə arasında mədəni abidələrin bərpası və qorunması sahəsində əməkdaşlıq genişləndiriləcək, konkret addımlar atılacaq.

Xatırladaq ki, uzun illər boyu Nəsiminin Hələbdə dəfn olunması Azərbaycan ictimaiyyəti üçün geniş şəkildə məlum deyildi. Yalnız 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya səfəri zamanı böyük şairin məzarını aşkar etmiş və bu barədə “Ədəbiyyat və incəsənət” qəzetində “Cahana sığmayan şairin qərib məzarı” adlı yazısında ictimaiyyətə məlumat vermişdi. Daha sonra Azərbaycan hökumətinin dəstəyi ilə məzar ətrafında müəyyən abadlıq işləri görülsə də, Əsəd rejimi dövründə abidəyə sistemli şəkildə diqqət yetirilməmiş, 2011-ci ildən sonra başlayan savaş şəraitində isə məzarın bir sıra hissələri zədələnmiş və baxımsız qalmışdır.

Bu kontekstdə Suriyada formalaşan yeni siyasi rəhbərliyin Azərbaycanla mədəni sahədə əməkdaşlığa önəm verməsi, yalnız strateji deyil, eyni zamanda mənəvi və tarixi dəyərlərin də bərpasına xidmət edən ciddi bir jest kimi qiymətləndirilir.

İmadəddin Nəsimi 14–15-ci əsrlərdə yaşamış, türkdilli ədəbiyyatın və sufizmin ən böyük nümayəndələrindən biridir. O, yalnız poetik dilin ustadı deyil, həm də hurufi fəlsəfəsinin daşıyıcısı kimi insan–Tanrı münasibətlərinə dair cəsarətli və azadlıqçı fikirləri ilə tanınırdı. Nəsiminin “Ənəl-Həqq” deyə hayqırması – Tanrının insanda təcəlli etdiyini təbliğ etməsi – onu orta əsr feodal və dini ideoloji sistemləri ilə qarşı-qarşıya qoydu.

Onun Hələb şəhərində diri-diri dərisinin soyularaq edam edilməsi yalnız fiziki bir cəza deyildi. Bu hadisə azad düşüncəyə, mənəvi şüura və eşq fəlsəfəsinə qarşı orta əsr repressiyasının təcəssümü idi. Hələbdə bu hadisə hələ də xalq yaddaşında yaşayır.

Dr. Muxtar Fatih Bəydili: “Nəsimi eşqin və düşüncənin şəhidi idi”

Suriya–Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, tədqiqatçı və ictimai xadim Dr. Muxtar Fatih Bəydili bu təşəbbüsü şərh edərkən belə deyib:
“Nəsimi Hələb çayına axıdılan dərisi ilə azadlığın və eşqin mesajını bu şəhərin daşlarına həkk etdi. O, yalnız edam olunmadı – o, bir fikirin, bir fəlsəfənin bədəni ilə çarmıxa çəkilməsi idi. Bugünkü məzarın bərpası, sözün və fikrin məğlub olmadığının sübutudur. Bu bərpa həm də Suriya xalqının illərdir rejimə qarşı verdiyi azadlıq mübarizəsinin mənəvi bir çağırışıdır.”

2011-ci ildən sonra Suriya – Onur və azadlıq mübarizəsinin coğrafiyası

2011-ci ildə Suriya xalqı onur və azadlıq uğrunda rejimə qarşı ayağa qalxdı. Hələb bu mübarizənin ön cəbhələrindən biri oldu. Minlərlə insan düşüncə azadlığı, insan haqları və ədalət naminə öz həyatını riskə atdı. Belə bir coğrafiyada – fikrin, azadlığın, vəhyin və dirənişin şəhəri olan Hələbdə – Nəsiminin məzarının yenidən bərpası bir tarixin tamamlanması və bir yaddaşın yenidən dirçəlməsidir.

Mədəni və enerji diplomatiyası: Ortalıqda bir körpü

Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqli nəzərdə tutulan enerji əməkdaşlığı ilə yanaşı, mədəni irsin qorunmasına yönəlik layihələr iki xalq arasında daha dərin, mənəvi bağların formalaşmasına xidmət edəcək. Nəsiminin məzarı bu baxımdan yalnız bir daş abidə deyil – fikrin və mənəviyyatın qorunmasına yönəlmiş bir mənəvi diplomatiya aktıdır.

Bir məzarın bərpası – Bir yaddaşın dirçəlməsi

Nəsiminin Hələbdəki məzarının bərpası yalnız bir tarixi abidənin yenidən dirçəldilməsi deyil – bu, həm də ortaq tarix, mənəviyyat və mədəni yaddaşın qorunması istiqamətində Bakı ilə Dəməşq arasında atılan strateji addımdır. Bu təşəbbüs, mədəni irsin siyasi əməkdaşlığa necə çevrilə biləcəyinin və mənəvi körpülərin diplomatik əlaqələrə necə ruh verdiyinin bariz nümunəsidir.

Dr. Muxtar Fatih Beydili, Suriya–Azərbaycan Dostluq Dərnəyinin sədri

 

Şərhlər