"Hakimiyyətdə qalmaq üçün hər şeyi satmağa hazır idilər" - Pənah Hüseyn

27.08.2015 12:08     Siyasi reaksiya     2921

1991-ci ilin bu günündə Bakıda Lenin meydanında SSRİ liderlərindən biri Vladimir Leninin nəhəng heykəli uçuruldu. SSRİ tarixində böyük rol oynamış bu şəxsin heykəlinin yıxılması həmin vaxt xüsusi tarixi hadisə idi. Çünki bu, Azərbaycanda Kommunist hakimiyyəti dövründə baş verdi. 

1988-1991-ci illərdə azadlıq hərəkatında iştirak edən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olan Pənah Hüseyn həmin günləri Reaksiya.az üçün xatırlayıb:

“Həmin gün biz mitinqə hazırlaşırdıq. Xalq Cəbhəsi tərəfindən mitinq elan edilmişdi.  Xəbər gəldi ki, Leninin heykəlini sökürlər. Respublikadakı Kommunist Partiyası təşviş içində idi.  Heykəlin sökülməsi barədə də o dövrdəki hakimiyyətin özü qərar vermişdi. Sistem dağılırdı və onun atributlarından biri də Azadlıq meydanındakı Lenin heykəli idi.  Rəmzi olaraq bu, çox ciddi addım idi.  Bir epoxanın sökülüb getməsi anlamına gəlirdi”.

O bildirib ki, hələ SSRİ dağılmamış bu addımın atılmasının əsas səbəbi quruluşun çökməsi idi: “Quruluş darmadağın olmuşdu. Moskvada ve digər yerlərdə də heykəllər götürülürdü.  Bu, vəziyyətdən çıxış yolu kimi atılan addım idi. Açığını deyim ki, o dövrdə Kommunist hakimiyyəti miskin görünürdü.  Hakimyyətdə qalmaq üçün hər şeyi satmağa hazır idilər, o cümlədən öz rəmzlərini, ideyalarını, təşkilatlarını”.

Şərhlər