Antalyada sülh marafonu: Türkiyə, Pakistan, Misir və Səudiyyə İrandakı müharibəyə qarşı birləşdi

17.04.2026 15:47     Siyasi reaksiya     257

Antalya Diplomatiya Forumu (ADF-2026) çərçivəsində Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regionun taleyini dəyişə biləcək kritik dördtərəfli görüş keçirirlər.

Musavat.com xəbər verir ki, "regional məsuliyyət" yanaşması altında baş tutan bu zirvə görüşü, ABŞ, İsrail və İran arasındakı müharibəni dayandırmaq və Hörmüz boğazındakı dəniz blokadasını qaldırmaq üçün son diplomatik cəhd kimi qiymətləndirilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi etdiyi bu üçüncü dördtərəfli görüşdə əsas hədəf kənar güclərin müdaxiləsi olmadan regional problemləri region ölkələrinin iradəsi ilə həll etməkdir. Bu format ilk dəfə martın 18-də Ər-Riyadda, daha sonra isə martın 29-da İslamabadda toplanmışdı.

 Hazırda qüvvədə olan və aprelin 21-də bitəcək müvəqqəti atəşkəs rejiminin daha uzun müddətə uzadılması dördlüyün əsas prioritetidir. Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında yaxın günlərdə İslamabadda keçirilməsi gözlənilən ikinci raund danışıqların gündəliyi məhz Antalyada hazırlanıb.

 Görüşdə Hörmüz boğazının dəniz ticarəti üçün tamamilə təhlükəsiz hala gətirilməsi və ABŞ-ın elan etdiyi blokadanın aradan qaldırılması yolları müzakirə olunur. Bu məqsədlə region ölkələrinin iştirakı ilə birgə monitorinq qrupunun yaradılması təklifi gündəmdədir.

İranın xarici işlər naziri Abbas Araqçi ilə Hakan Fidan arasında keçirilən telefon danışığı zamanı Tehranın bu formatdan əsas gözləntisinin ABŞ və İsrailin "təcavüzkar hərəkətlərinə" son qoyulması olduğu bildirilib.

Qeyd olunur ki, bu dördlük Yaxın Şərqdə yeni bir güclər balansının əsasını qoyur. Vaşinqtonun "maksimum təzyiq" siyasətinə qarşı bu ölkələrin "regional həll" təklif etməsi, sülh danışıqlarında İslamabadın vasitəçilik rolunu daha da möhkəmləndirir. Antalyadan çıxacaq bəyanatın aprelin 21-dən sonra bölgədə müharibənin bərpa olunub-olunmayacağını müəyyən edəcəyi gözlənilir.

Şərhlər