"Bu gün müasir Azərbaycanın ən şərəfli günüdür" - Aydın Mirzəzadə

27.08.2015 12:48     Siyasi reaksiya     1968

Məlum olduğu kimi, 1991-ci ilin bu günü hələ SSRİ dağılmazdan öncə Naxçıvan Ali Sovetinin qərarı ilə Muxtar Respublikada Sovet İttifaqı Kommunist Partiyasının və komsomolun fəaliyyəti dayandırılıb, bu təşkilatların bütün strukturları ləğv edilib.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Heydər Əliyev  Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Heydər Əliyev imperiyanın  qorunub saxlanmasına  çalışan  qüvvələrə, ilk növbədə  Kommunist Partiyasına  və Sovet  dövlətinə açıq etirazını  bildirərək,  onların  riyakar  siyasətini cəsarətlə ifşa edirdi.  O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci il iyulun 19-da  Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. O dövrdə  baş verən proseslərin məntiqi  nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. 

Millət vəkili Aydın Mirzəzadə Reaksiya.az-a açıqlamasında həmin tarixi hadisəyə münasibət bildirib:

“Həmin gün müasir Azərbaycan tarixinin ən şərəfli günüdür. Hələ SSRİ dağılmazdan öncə ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyinin yolunu qoydu. Kommunist partiyası və Kommunist Gənclər Təşkilatı həmin dövr cəmiyyətin maraqlarından kənarda qalmışdı və nəinki ölkənin, heç respublikaların da gələcəyi üçün hər hansı bir maraq göstərmirdi. Eyni zamanda həmin siyasi təşkilatlar respublikaların inkişafında müəyyən maneələr tördədirdilər. Heydər Əliyev uzaqgörən bir insan kimi həmin təşkilatların fəaliyyətini dayandırmaqla Naxçıvan torpağında demokratiyanın əsasını qoydu. Azərbaycanda dünyaya nümunə olan hüquqi demokratik cəmiyyətin qurulmasının əsasını qoydu. Eyni zamanda  Azəarbaycandakı sağlam düşüncəli, demokratik fikirli insanlar üçün bir arena yaratdı. Naxçıvanda başlanan bu proses sonradan bütün Azərbaycan üzrə davam etdi. Və bunun ilk addımı 1991-ci ilin oktyabr ayının 18-də müstəqillik aktının qəbul edilməsi, 1993-cü ilin 15 iyununda isə Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə Azərbaycanda həqiqi müstəqilliyin başlanması oldu”. 

Şərhlər