Mobil Məmmədov yenidən İdarə Heyətinin sədri seçildi - FOTOLAR

17.06.2026 14:52     Siyasi reaksiya     281

Daşkənd şəhərində Özbəkistan Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin növbədənkənar hesabat-seçki konfransı keçirildi.

  13 iyun 2026-cı il tarixində Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin binasında Özbəkistan Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin (RAzMM) növbədənkənar hesabat-seçki konfransı keçirildi.

   "Reaksiya.az" xəbər verir ki, konfransın işində Özbəkistanın müxtəlif bölgələrindən gəlmiş, RAzMM-in altı regional bölməsini və Daşkənd şəhər şöbəsini təmsil edən, təşkilatın rəhbər orqanlarının formalaşdırılması məsələləri üzrə səsvermə hüququna malik 84 nümayəndə iştirak etdi.
   Tədbirin fəxri qonaqları sırasında Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədr müavini Bəkzod Abduqayumoviç Şukurov, türkmən, qazax, qırğız, uyğur, tacik, başqırd, krım-tatar, ukraynalı, belarus və digər milli mədəniyyət mərkəzlərinin rəhbərləri, Ədliyyə Nazirliyinin, dövlət qurumlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
  Konfrans Təşkilat Komitəsinin sədri Həsay Abdullayev və Təşkilat Komitəsinin katibi Gülnarə Mehrəliyevanın rəhbərliyi ilə təşkil olunmuşdur. Tədbir Özbəkistan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş Özbəkistan Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin Nizamnaməsinə və qüvvədə olan Əsasnaməsinə tam uyğun şəkildə keçirilmişdir.
  Konfrans zamanı RAzMM-in sədri Mobil Məmmədovun mərkəzin 2022–2026-cı illər üzrə fəaliyyəti haqqında hesabatı dinlənildi. Məruzədə milli-mədəni irsin qorunması, ictimai diplomatiyanın inkişafı, gənclər təşəbbüslərinin dəstəklənməsi, millətlərarası həmrəyliyin möhkəmləndirilməsi və özbək-azərbaycan humanitar əməkdaşlığının genişləndirilməsi istiqamətində görülmüş işlər öz əksini tapmışdır.
  Müzakirələrin yekunlarına əsasən, İdarə Heyətinin fəaliyyəti haqqında hesabat səsvermə hüququna malik bütün nümayəndələr tərəfindən yekdilliklə təsdiq edilmişdir. Həmçinin Təftiş Komissiyasının hesabatı dinlənilmiş və yekdilliklə qəbul edilmişdir.
  Daha sonra RAzMM-in yeni İdarə Heyətinin seçkiləri keçirilmişdir. Nümayəndələrin yekdil qərarı ilə İdarə Heyətinin tərkibinə 25 nəfər seçilmişdir.
  Fasilədən sonra yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilmişdir. Gündəliyə uyğun olaraq İdarə Heyətinin sədrinin, sədr müavinlərinin, icraçı direktorun və Təftiş Komissiyasının tərkibinin seçilməsi məsələlərinə baxılıb.
İclas zamanı İ. Abdullayev və A. Neftəliyev İdarə Heyətinin sədri vəzifəsinə namizədliklərini geri götürmüşlər. Səsvermənin nəticələrinə əsasən, İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Mobil Məmmədov beş il müddətinə Özbəkistan Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri seçilmişdir.
  İdarə Heyətinin sədr müavinləri vəzifələrinə Nikizat Həsən və Həsay Abdullayev seçilmişlər. Gülnarə Mehrəliyeva RAzMM-in icraçı direktoru vəzifəsinə yekdilliklə seçilmişdir. Həmçinin təşkilatın yeni Təftiş Komissiyasının tərkibi formalaşdırılmışdır.
   İdarə Heyətinin ilk iclasının nəticələri elan olunduqdan sonra təntənəli təbrik mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən Komitə sədrinin müavini Bəkzod Şukurov milli mədəniyyət mərkəzlərinin Özbəkistanda millətlərarası həmrəyliyin, xalqlar dostluğunun möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafındakı mühüm rolunu xüsusi qeyd etmişdir.
   Təbrik nitqləri ilə milli mədəniyyət mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri, nümayəndələr və konfrans qonaqları da çıxış edib.
Yeni seçilmiş sədr Mobil Məmmədov çıxışında göstərilən yüksək etimada görə nümayəndələrə səmimi təşəkkürünü bildirərək, mərkəzin daha da inkişaf etdirilməsi, Azərbaycan xalqının mədəni irsinin qorunması, özbək-azərbaycan dostluğunun möhkəmləndirilməsi və yeni ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini vurğulamışdır.
   Konfransın sonunda iştirakçılar xatirə şəkli çəkdirmişlər. Nümayəndələr və qonaqlar üçün Özbəkistan Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin Təşkilat Komitəsi adından rəsmi qəbul təşkil olunmuşdur.
   Keçirilən konfrans RAzMM-in fəaliyyətində mühüm mərhələ olmaqla yanaşı, Özbəkistandakı Azərbaycan diasporunun yüksək səviyyədə birliyini, millətlərarası həmrəylik və xalqlar dostluğu prinsiplərinə sadiqliyini, eləcə də ölkənin ictimai həyatında fəal iştirak etmək əzmini bir daha nümayiş etdirmişdir.
 
RAzMM-in Mətbuat katibi.
 
 
 
 

Şərhlər