Daşkənddə “Nəvaidən Ələsgərə: Türk Dünyasının Ortaq Mənəvi İrsi” Beynəlxalq Konfransı keçirildi - FOTOLAR
03.07.2026 16:23 Siyasi reaksiya 345
27 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Nəvaidən Ələsgərə: Türk Dünyasının Ortaq Mənəvi İrsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
"Reaksiya.az" xəbər verir ki, konfrans Özbəkistan Respublikası Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi və Azərbaycan Respublikasının “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə dövlət qurumlarının nümayəndələri, alimlər, ziyalılar, mədəniyyət xadimləri, diaspor rəhbərləri, tələbələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Konfrans çərçivəsində çıxış edən məruzəçilər böyük Azərbaycan aşığı Dədə Ələsgərin zəngin ədəbi irsini, dahi özbək mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığını, eləcə də türk xalqlarının ortaq mədəni köklərini elmi baxımdan təhlil etdilər. Qeyd olundu ki, Nəvai və Dədə Ələsgər yaradıcılığı türk dünyasının mənəvi xəzinəsinin ayrılmaz hissəsidir və bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün türk xalqlarının ortaq məsuliyyətidir.
Konfransın ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının “Dədə Ələsgər Ocağı” İctimai Birliyi ilə Özbəkistan Respublikasının Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi arasında Əməkdaşlıq Memorandumunun imzalanması oldu.
Memorandumu “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətayi İslam oğlu Ələsgərov və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Mobil Məmmədov imzaladılar.
İmzalanmış sənəd Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin daha da genişləndirilməsi, Dədə Ələsgər irsinin və Azərbaycan aşıq sənətinin beynəlxalq səviyyədə təbliği, ortaq türk mədəniyyətinin araşdırılması, beynəlxalq elmi-praktik konfransların, forumların, festivalların və mədəni layihələrin həyata keçirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları açır.
Memorandum həmçinin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, UNESCO, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə layihələrin reallaşdırılması üçün möhkəm hüquqi və təşkilati zəmin yaradır.
Konfransın rəsmi hissəsinin ardından iştirakçılar zəngin mədəni proqramın şahidi oldular. Azərbaycandan dəvət olunmuş tanınmış aşıq sənətkarları Dədə Ələsgərin ölməz şeirlərinə bəstələnmiş aşıq havalarını və xalq mahnılarını yüksək peşəkarlıqla ifa etdilər. Sazın ecazkar sədaları və milli musiqimizin zənginliyi tədbir iştirakçılarında dərin təəssürat yaratdı və türk xalqlarının ortaq mədəni irsinin canlı təcəssümünə çevrildi.
Konfrans bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Ölkələrimizi ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və qardaşlıq bağları birləşdirir. Bu münasibətlərin inkişafında diaspor təşkilatlarının, elm və mədəniyyət xadimlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi bundan sonra da Azərbaycan–Özbəkistan dostluğunun möhkəmləndirilməsi, türk dünyasının ortaq mənəvi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcəkdir.
Əminik ki, Daşkənddə keçirilən bu beynəlxalq konfrans və imzalanan Əməkdaşlıq Memorandumu gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə, Azərbaycan və Özbəkistan arasında humanitar əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, türk dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Yaşasın Azərbaycan–Özbəkistan qardaşlığı!
Yaşasın Türk dünyasının birliyi!
.jpeg)
.jpeg)












Şərhlər