Özbəkistanda Hacı Allahşükür Paşazadənin “Qardaşlığın və İttifaqçılığın Ali Nöqtəsi” kitabının təqdimatı keçirildi
08.07.2026 16:38 Siyasi reaksiya 242
Özbəkistan Respublikasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin müəllifi olduğu “Qardaşlığın və İttifaqçılığın Ali Nöqtəsi” kitabının təqdimat mərasimi keçirilib.
"Reaksiya.az" xəbər verir ki, təqdimat mərasimində Özbəkistanın dövlət və ictimai xadimləri, elm və din nümayəndələri, diplomatik korpusun təmsilçiləri, ziyalılar, media nümayəndələri, eləcə də Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Özbəkistan Respublikası Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov bildirib ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütün Türk və İslam aləmi üçün mühüm mənəvi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, “Qardaşlığın və İttifaqçılığın Ali Nöqtəsi” əsəri yalnız kitab deyil, eyni zamanda sülhün, qarşılıqlı hörmətin, tolerantlığın, milli-mənəvi dəyərlərin və ümumtürk həmrəyliyinin ideoloji platformasıdır.
Mərkəz sədri vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Dövlətlər arasında strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, humanitar və mədəni əlaqələrin genişlənməsi xalqlarımız arasındakı qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Mobil Məmmədov qeyd edib ki, bu cür əsərlər iki qardaş xalq arasında mənəvi körpülərin daha da güclənməsinə, ortaq tarixi yaddaşın qorunmasına və gələcək nəsillərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir.
“Şeyxülislam Hacı Allahşükür Paşazadə uzun illərdir ki, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına, sülhün təşviqinə, humanizm prinsiplərinin qorunmasına və İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən nüfuzlu şəxsiyyət kimi böyük hörmət qazanmışdır. Onun zəngin elmi və ictimai irsi gələcək nəsillər üçün qiymətli mənəvi məktəbdir”, – deyə o bildirib.
Məqalədə vurğulanıb ki, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Mərkəz, eyni zamanda, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın inkişafına, diaspor fəaliyyətinin gücləndirilməsinə və Türk dünyasının inteqrasiyasına xidmət edən layihələr həyata keçirir.
Mobil Məmmədov bildirib ki, Özbəkistanda belə nüfuzlu kitabın təqdimatının keçirilməsi ölkələrimiz arasında mövcud olan yüksək etimadın və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsidir. Onun fikrincə, bu kimi tədbirlər ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb, müəllifə Türk və İslam dünyasının birliyi naminə gördüyü çoxşaxəli fəaliyyətə görə dərin minnətdarlığını ifadə edib.
Təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbir Azərbaycan–Özbəkistan dostluğunun, mənəvi birliyinin və Türk dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi qiymətləndirilib.
RAzMMM mətbuat xidməti


.jpeg)










Şərhlər