Bakının İran böhranına yanaşması belədir – Hikmət Hacıyev “Türkiyə”yə danışdı

05.08.2026 13:34     Siyasi reaksiya     249

“İran–İsrail/ABŞ böhranının qısa müddətdə həll olunma ehtimalı az görünür. Biz İranın sabitliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq, lakin İranla 765 kilometrlik sərhədimizin o biri tərəfində yaşayanlar dini, dili və etnik mənsubiyyətini bölüşdüyümüz qardaşlarımız və bacılarımızdır. Buna görə də vəziyyəti daha böyük həssaslıqla izləyirik”.

Reaksiya.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev “Türkiyə” qəzetinə açıqlamasında deyib.

“İran böhranı ilə bağlı baxışlarımızı Türkiyənin üzərinə götürdüyü missiya əsasında müəyyən etmişik. Bizim 24 saat açıq məsləhətləşmə və dialoq xəttimiz var. İranda yaşayan bütün mülki şəxslər və türk əsilli insanlarla bağlı Ankaradan fərqli hərəkət etmirik”, – o qeyd edib.

Hikmət Hacıyev vurğulayıb ki, İsrail və Azərbaycan arasındakı münasibətlər Türkiyəyə zərər verəcək şəkildə inkişaf etməyəcək:

“Münasibətlərimizi pozmaq və bütün gücləri ilə bu mövzuda dezinformasiya yaymaq istəyən qruplar var. Biz Qəzzaya kömək edirik. Ramallahda nümayəndəliyimiz var. Fələstinə yönəlmiş digər sosial fəaliyyətlərimizi də davam etdiririk. Türkiyənin maraqlarına zidd olan heç bir layihədə iştirak etmərik.

Azərbaycanda İsrail bazalarının olması və Bakının İsrail üçün xilaskar xətti olması barədə qara təbliğat Türkiyə və Azərbaycanın düşmənləri tərəfindən uydurulan yalanlardır. Qoy gəlsinlər! Gəlin addım-addım gəzək, görək burada İsrailə aid nəsə varmı? Bu iddianı səsləndirənlərə istədikləri yeri incələmə haqqı verəcəyik.

Qəzzaya və Fələstin xalqının əzablarına biganə qala bilmərik və qalmırıq. İki dövlətli həll yolu Bakının oradakı qırmızı xəttidir. Hətta İsrail ilə Türkiyə arasında mümkün böhranlara qarşı önləyici missiya həyata keçiririk. Suriya administrasiyası ilə İsrail nümayəndə heyəti arasında Azərbaycandakı görüş də bu mənada vacib idi”.

Prezidentin köməkçisi bildirib ki, ilk növbədə, Türk dünyası olaraq, hava, quru və dəniz yolu ilə öz içimizdə güclü şəbəkələr qururuq:

“Türk Dövlətləri Təşkilatı (TDT) qlobal iqtisadi, ticarət və enerji mərkəzinə çevrilib. Bu, birliyimizi gücləndirmək və dövrümüzdə iz buraxmaq üçün böyük imkanlar yaradır. Zəngəzur dəhlizi ilə bağlı son mərhələdəyik. Bu yay hər şey aydın olacaq. Dəmir yolu, quru və dəniz nəqliyyatımız hər gün genişlənir.

Türk dünyasının bu ortaq enerjisinin mərkəzi, şübhəsiz ki, Türkiyədir. Bütün türk dövlətləri fiber optik şəbəkələrlə güclü şəkildə bağlıdır. Sistem inteqrasiyası əsasən tamamlanıb. Bütün türk milləti gələcəyə ümidli olsun. Biz böyük bir ailəyik.

Qarabağdakı işğalın izlərini silməyə çalışırıq. Hazırda ölkəmizin 13%-i erməni minaları ilə örtülüdür. Milyonlarla dollar xərcləmişik və görünür, bu mübarizə daha uzun illər davam edəcək.

1993-cü ildə Ermənistanın Qarabağı işğal etməsiylə ağır bədəl ödədik. Lakin biz deyirik ki, müharibə bitdi, indi sülh vaxtıdır və sülhün tələblərini yerinə yetirməyə çalışırıq”.

Reaksiya.az

 

Şərhlər