Azərbaycan diasporunun nümayəndələri Özbəkistanın dövlət mükafatlarına layiq görülüblər - Fotolar
28.08.2026 16:09 Siyasi reaksiya 170
Özbəkistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümü ərəfəsində ölkənin 558 vətəndaşı uzunillik vicdanlı əməyinə, peşəkar fəaliyyətinə, ictimai fəallığına, dövlət və cəmiyyətin inkişafına verdiyi töhfələrə görə yüksək dövlət mükafatlarına layiq görülüb.
"Reaksiya.az" xəbər verir ki, mükafatlandırılanlar arasında Özbəkistan Respublikasının Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzNMМ), onun regional filiallarının və Daşkənd şəhərində fəaliyyət göstərən “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri də var.
Yüksək dövlət mükafatlarına RAzNMM-nin sədri Məmmədov Mobil Yaqub oğlu, Daşkənd şəhəri “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Nikizad Həsən Hüseynoviç, RAzNMM-nin Sırdərya vilayət filialının sədri Bayramov Əzizəğa Arastunoviç, RAzNMM-nin Səmərqənd vilayət filialının sədri Mirzəyev Ramal Əliağa oğlu, RAzNMM-nin Buxara vilayət filialının sədri Məmmədova Maral Məhəmməd qızı, həmçinin Daşkənd şəhəri “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü İsayeva Humay Bəhman qızı layiq görülüblər.
Bu hadisə Özbəkistanda yaşayan Azərbaycan diasporu üçün xüsusi əhəmiyyət daşıyır. Dövlət mükafatları yalnız təltif olunan şəxslərin şəxsi xidmətlərinin tanınması deyil, həm də milli-mədəni mərkəzlərin uzunillik ictimai, mədəni-maarifçilik fəaliyyətinə verilən yüksək qiymətdir.
Uzun illərdir ki, Azərbaycan icmasının nümayəndələri Özbəkistanın ictimai və mədəni həyatında fəal iştirak edir, milli dilin, mədəniyyətin, adət-ənənələrin və mənəvi irsin qorunmasına töhfə verir, mədəniyyətlərarası dialoqu inkişaf etdirir, müxtəlif millətlərin nümayəndələri arasında dostluq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinə xidmət edirlər.
Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, Azərbaycan milli-mədəni hərəkatının nümayəndələri Özbəkistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə dövlət mükafatları ilə təltif olunublar. Bu, dövlətin müxtəlif millətlərin nümayəndələrinin quruculuq əməyinə göstərdiyi diqqətin bariz nümunəsi olmaqla yanaşı, milli-mədəni mərkəzlərin millətlərarası həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsində mühüm rolunu bir daha təsdiq edir.
Özbəkistanda yaşayan çoxminli Azərbaycan icması üçün bu mükafatlar səmimi qürur mənbəyinə çevrilib. Bu yüksək təltiflər azərbaycanlıların ölkənin inkişafına, onun özünəməxsus çoxmillətli mədəni mühitinin qorunmasına, Azərbaycan və Özbəkistan xalqları arasında ənənəvi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə verdikləri töhfənin tanınması kimi qiymətləndirilir.
RAzNMM nümayəndələri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə milli-mədəni mərkəzlərin fəaliyyətinə göstərdiyi diqqətə, millətlərarası həmrəyliyin möhkəmləndirilməsinə verdiyi ardıcıl dəstəyə və müxtəlif millətlərin nümayəndələrinin əməyinə verdiyi yüksək qiymətə görə dərin minnətdarlıqlarını bildirirlər.
Bu gün Özbəkistan öz milli-mədəni özünəməxsusluğunu və ənənələrini qoruyaraq, müxtəlif millətlərin nümayəndələrinin ölkənin gələcəyi naminə ümumi məsuliyyət ətrafında birləşdiyi cəmiyyət nümunəsi nümayiş etdirir. Məhz bu, millətlərarası münasibətlər sahəsində dövlət siyasətinin xüsusi dəyərini təşkil edir.
Əldə olunan dövlət mükafatları yalnız böyük şərəf deyil, həm də böyük məsuliyyətdir. Bu yüksək qiymət Azərbaycan diasporunun nümayəndələrini gələcəkdə də dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş yeni ictimai və mədəni təşəbbüslərlə fəal çalışmağa ruhlandırır.
Özbəkistan Respublikasının Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi bütün təltif olunanları əməyinə verilən yüksək dövlət qiyməti münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, yeni uğurlar və müstəqil, firavan Özbəkistanın inkişafı naminə gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayır.
Müstəqillik yaşasın!
Qoy Özbəkistan xalqlarının sülhü, dostluğu, birliyi və millətlərarası həmrəyliyi daha da möhkəmlənsin!
RAzNMM-nin mətbuat katibi
27 avqust 2026-cı il.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)










Şərhlər