"Bütün dairələrdən namizəd irəli sürəcəyik"

28.08.2015 16:38     Siyasi reaksiya     2687

"YAP seçki kampaniyasına rəsmi start verilməzdən xeyli əvvəl hazırlıq işlərinə başlayır".

Bunu yap.org.az-a açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki,  YAP-ın İdarə Heyəti seçkilərə hazırlıqla bağlı fevral ayında qərar qəbul edib, ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkilərə tam səfərbər olunması işlərinə başlanılıb: “Parlament seçkiləri ilə əlaqədar partiyamızın müvafiq proqramı var. YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq seçkilərlə bağlı hazırlıq işləri davam edir. Ümumiyyətlə, partiyamızın seçki təcrübəsi böyükdür. Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük. Bunun əsasında biz həm dünya praktikasını öyrənirik, həm də öz təcrübəmizi təkmilləşdiririk”.

Millət vəkili qeyd edib ki, artıq seçki kampaniyasında iştirak edəcək partiya fəalları  müəyyənləşdirilib: “Buraya namizədlər üçün imza toplayacaq şəxslər, məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, təbliğat qrupları və s. daxildir. Məlumat üçün bildirim ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq 1250 şəxs müəyyənləşib. Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır və 10 faiz də artıq imza vərəqi verilir. Bu da təxminən 500 imza edir. Bir vərəqdə isə 50 imza olur. Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik. Nəzərdə tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından biri götürsün və imza toplasın”.

Siyavuş Novruzov YAP-ın  Milli Məclisə keçirilən bütün seçkilərdə partiya olaraq iştirak etdiyini deyib: “Qarşıdan gələn seçkilərdə də bütün dairələrdən namizəd irəli sürəcəyik. Biz maksimum dərəcədə çalışacağıq ki, bütün seçkilərdə qələbə qazandığımız kimi, qarşıdan gələn parlament seçkilərində də böyük uğur əldə edək”.

Konkret olaraq YAP-ın parlament seçkiləri ilə əlaqədar platformasına haqqında danışmayan icra katibi  bu haqda məlumatların qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində açıqlanacağını vurğulayıb.

Şərhlər