"Bu ittihamları heç cür qəbul edə bilmərəm" - Razi Nurullayev

29.08.2015 13:54     Siyasi reaksiya     2582

AXCP sədrinin keçmiş müavini Razi Nurullayev son günlər qalmaqallarla gündəmdədir. O, KİV-lərə verdiyi açıqlamalarda partiya sədri Əli Kərimliyə qarşı sərt ittihamlar irəli sürüb və eyni zamanda  partiya daxilində gizlin iş apardığını da vurğulayıb.

Onun son müsahibəsində bir-birinə zidd fikirlər yer alır. Bir tərəfdən  o, “Əli Kərimli partiyanı klub səviyyəsinə endirib” söyləməklə partiyanın qeydinə qaldığını bildirmək istəyir. Həmçinin, Əli Kərimlini İsa Qəmbər kimi sədrlik postundan getmədiyi üçün ittiham edir. Digər tərəfdən isə partiya daxilində gizlin fəaliyyətlə məşğul olduğunu açıqlayır.

Razi Nurullayevin səsləndirdiyi ifadələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri elə düşünür ki, Razi Nurullayevin məqsədi Əli Kərimlinin postuna yiyələnmək idi. O gözləyirdi ki, İsa Qəmbərin ardınca Əli Kərimli də sədrlikdən gedəcək və belə olacağı təqdirdə Razi Nurullayev partiya sədrliyinə gətiriləcək. Və elə “partiya daxilində də gizli fəaliyyət göstərirdim” deyəndə bunu nəzərdə tuturmuş.

Digərləri isə bu fikirdədir ki, Razi Nurullayevin Əli Kərimliyə qarşı səsləndirdiyi ittihamların arxasında mandat məsələsi dayanır. Razi Nurullayev elə əvvəldən hakimiyyətin gizli nümayəndəsi imiş və müəyyən adamlardan pul alaraq partiyanı dağıtmaq üçün gizli fəaliyyət göstərirmiş. Partiya sədrinin onun bu gizli fəaliyyətindən xəbər tutduğundan sonra dərhal partiyadan özü istefa verib və indi də millət vəkili seçilmək üçün müəyyən etdiyi taktika üzrə fəaliyyətini davam etdirir. Və səsləndirdiyi bu kimi fikirlər də həmin taktikanın bir hissəsidir.

Reaksiya.az səslənən bu fikirlərə aydınlıq gətirmək üçün Razi Nurullayevlə əlaqə saxlayıb.

O, partiya daxilində gizlin iş apardığını təsdiq etsə də bu fəaliyyətin hansısa qüvvələrin yox, partiyanın xeyrinə olduğunu söyləyib: “Bəli, mən partiyanın içərisində iş aparırdım. Partiyanın sivil, mədəni, kubar bir partiya olması üçün. İstəyirdim ki, partiya klub səviyyəsindən çıxsın və eyni zamanda bütün üzvlərinə xidmət etsin. Onun üçün ümumi partiya necə olmalıdır, qərbdə partiyalar necə qurulur, qərbdə partiya liderlərinin öz üzvləri ilə siyasəti necə qurulur fonunda söhbətlər aparırdım. Ümumən gələcək perspektivlərin, yeni simaların qabağa çıxmasında, yetişməsində görürdüm və bu istiqamətdə söhbətlər aparırdım. Və təbii ki, insanlar bunu isti qarşılayırdılar, başa düşürdülər ki, cəmiyyətdə təkamül, inkişaf gedirsə, eyni zamanda partiyalarda da inkişaf getməlidir. Bu təkamülün nəticəsi liderlərin dəyişməsi olmalıdır. Eyni adamın eyni vəzifədə uzun müddət qalması yaxşı qarşılana bilməz. Sivil cəmiyyətlərdə, sivil partiyalarda bu qəbul olunmazdır”.

O, mandat ittihamlarına da aydınlıq gətirib: “Mandat məsələsinə gəldikdə, hər kəsin deputat olmaq ürəyindən keçir. Siyasətdə olan kəs seçkili orqanlarda təmsil olunmaq istəyir. Amma bizim bu fəaliyyətimiz, elan etdiyimiz partiya heç də mandata qulluq edə bilməz. Birincisi ona görə ki, əgər bu məqsədlə hərəkət etsəydik, bunu daha öncə də edərdik. Çünki mən partiyadan fevral ayında istefa verdim və aradan 6 ay keçəndən sonra bu işə başladım. Bunu elə partiyadan ayrıldığım vaxt edə bilərdim. Biz uzun müddət məsləhətləşdik, cəbhəçilərin, ordan çıxarılanların, qovulanların israrı ilə bu şəkildə fəaliyyətə başladıq. Əslində, mənim qəlbimdə, fikrimdə olan başqa düşüncələr idi. Sadəcə olaraq məni qabağa verdillər ki, bu işi sən üzərinə götürüb irəli apara bilərsən. Mən sadəcə ümumi işə tabe oldum və məsələnin məsuliyyətini, gələcək perspektivini öz üzərimə götürdüm. Biz hesab edirik ki, Azərbaycandakı bütün partiyalar, o cümlədən AXCP sivil, mədəni partiya olmalıdır, kübar cəmiyyət olmalıdır. Müxalifətin üzərindən demaqoq, ac-yalavac, polis döyən, polis söyən, işsiz bir damğası götürülməlidir və müxalifətə hörmət qoyulmalıdır. Bu məqsədlə də gəncləri önə vermişəm, yeni simalar təqdim edirəm. Mən Azərbaycanın perspektivini, gələcəyini köhnədən qalmış siyasətçilərdə yox, yeni simalarda görürəm. Hesab edirəm ki, “Ağ blok”da da parlaq gənclik var, onlar da parlayıb önə çıxmalıdır”.

R.Nurullayev hansısa mənbələrdən pul alması ilə bağlı səslənən fikrilərə də münasibət bildirib: “Heç kim siyasətdə pulsuz oturmayıb. Hər bir siyasi partiya hardansa pul alır. O cümlədən Əli Kərimlinin başçılıq etdiyi AXCP də  bir çox yerlərdən maliyyələşir. Kimsə öz maliyyə mənbəyini gizli saxlayır və həmin kəslər hansısa hakimiyyət qüvvələrindən, hakimiyyət içindəki qruplaşmalardan və yaxud da hansısa nazirdən  maaliyyələşir. Elə insanlar da var ki, biznesmen dostları var və onlardan az-çox maliyyə dəstəyi alır. Biz sonuncu qurupa daxilik. Elə böyük maliyyəmiz də yoxdur, sadəcə kiçik bir büdcə ilə insanların fədakarlığı və gələcəyə inamı ilə işimizi qururuq. Mən AXCP-də olduğum zaman maliyyə qaynaqlarım hər kəsə açıq olub. Təsdiq edə bilərəm ki, cəbhədə məndən dəfələrlə parlaq yaşayan insanlar olub. O baxımdan bu ittihamları heç cür qəbul edə bilmərəm”. 

Şərhlər