“Televiziyalar seçki reklamlarını ucuz etməlidir” - MSK katibi

31.08.2015 10:35     Siyasi reaksiya     2139

“Televiziyalar və digər KİV-lər seçki təşviqatları ilə bağlı namizədlərin reklamlarına qiyməti kommersiya reklamlarının minimal həddində təyin etməlidir”.

Bunu Reaksiya.az-a açıqlamasında Mərkəzi Seçki Kampaniyasının (MSK) katibi Akif Qurbanov bildirib.

O qeyd edib ki, Seçki Məcəlləsində də bu barədə konkret müddəa var: “Təəssüf ki, bir çox KİV-lər buna diqqət yetirmir. Ödənişli seçki təşviqatları ilə bağlı xidmətlər çox hallarda baha qiymətə təklif olunur və namizədlər arasında təbliğat-təşviqat işlərində bərabər imkanlar təmin olunmur. Hazırkı ictimai-siyasi mühiti və ölkə mediasında müxtəlif maraqların mövcudluğunu nəzərə aldıqda, yaranan mənzərə heç də ürəkaçan deyil. Bəzən namizədlərin təbliğatında və cəmiyyətə təqdim olunmasında  bu maraqları daha qabarmış şəkildə görürük. Ödənişsiz təbliğat İTV-də, 60-dan çox dairədə namizədləri qeydə alınmış partiyalara verilir.  Məcəlləyə görə, İTV-də debatların müddəti həftədə minimum 3 saat olmalıdır. Təəssüf ki, biz praktikada ancaq minimal həddi görürük, çünki bu müddət nə qədər çox olsa, seçki mühitinin yaxşı səviyyədə olması üçün daha yaxşı şərtlər yaranar”.

MSK katibi 2010-cu ildə Seçki Məcəlləsinə edilən son dəyişikliklərə görə, seçkilərə 23 gün qalmış təşviqat müddəti başlayır və 24 saat qalmış təbliğat-təşviqat işləri dayandırılır: “Ərazilərdə namizədlərin təbliğat-təşviqat kampaniyası üçün qapalı və açıq məkanlar müəyyən olunur, eyni zamanda plakatların yapışdırılması üçün stendlər ayrılır. Bundan başqa, namizədlər özəl obyektlərin sahibləri ilə razılaşaraq, öz plakatlarını orda yapışdıra bilərlər. Həmçinin dövlət büdcəsindən maliyyələşən çap mətbuatında təşviqat üçün şərait yaradılır”.

A.Qurbanov vurğulayıb ki, SM-ə təşviqat kampaniyası ilə bağlı bir sıra məhdudlaşdırıcı dəyişikliklər edilib və bu dəyişikliklərə əsasən, parlament seçkilərində namizədlərə dövlət tərəfindən vəsait verilməyəcək.

MSK katibi iş adamlarının seçkilərə buraxılmayacağı barədə son zamanlar yayılan məlumatları da şərh edib: “Belə bir məsələ yoxdur. Seçkidə iş adamlarının iştirakına heç bir məhdudiyyət qoyulmur, lakin qanunvericiliyə görə, seçildikdək sonra millət vəkili biznes fəaliyyəti ilə məşğul ola bilməz”.

Şərhlər