Millət vəkili Qubadlının işğalından danışdı - "Qayıdış günlərimizi toy büsatla qeyd edəcəyik"

31.08.2015 12:43     Siyasi reaksiya     2328

Qubadlı rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdi

Bu gün Qubadlı rayonunun erməni qəsbkarları tərəfindən işğalından 22 il ötür.

Qubadlı rayon icra aparatının məsul işçiləri, millət vəkilləri, rayon ictimaiyyəti, şəhid ailələri, ağsaqqalları, ziyalıları bu günün xatirəsinə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər, Qarabağ döyüşlərində dünyasını dəyişmiş bütün şəhidlərə allahdan rəhmət diləyiblər.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən seçilmiş millət vəkili İmamverdi İsmayılov bu günlə bağlı təəssuratını Reaksiya.az-la bölüşüb:

“Əlbəttə ki, o günləri xatırlamaq çox ağırdır, məşəqqətlidir. Ancaq nə etməli ki, bu, bir tarixi yaşam idi və bizim qismətimiz oldu. İnanıram ki, cənab prezidentimizin həyata keçirtdiyi çox böyük siyasət nəticəsində tezliklə biz nəinki Qubadlımıza, bütün Qarabağımıza qayıdacağıq. Və təqvimimiz qırmızı rənglərlə bəzənəcək, qayıdış günlərimizi toy büsatla qeyd edəcəyik”. 

Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib.

Şərhlər