Partiyalar parlament seçkilərinə necə hazırlaşır?

31.08.2015 14:25     Siyasi reaksiya     2412

Bu ilin noyabr ayında keçiriləcək növbəti parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına artıq start verilib. Partiyalar seçki platformalarını indidən açıqlamağa başlayıblar.

Maraqlıdır ki, bu seçkilərdə gender bərabərliyi necə qorunacaq? Gənclərin aktivliyi hansı səviyyədə müşahidə ediləcək?

Reaksiya.az bu barədə məlumat almaq üçün bir neçə partiya rəsmisi ilə əlaqə saxlayıb və suallara cavab axtarıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədr müavini Elçin Mirzəbəyli partiya namizədlərini fəallıqlarına görə müəyyənləşdirdiklərini bildirib: “BAXCP-nin Ali Məclisi avqustun 29-da parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Namizədlərin siyahısı təsdiq olunub. Hazırda 81 nəfərin namizədliyi irəli sürülüb. Bu sayın arta biləcəyi ehtimalı olduğu üçün yekun qərarın verilməsi partiyanın İdarə Heyətinə həvalə edilib. Gender bərabərliyinə gəldikdə isə biz bu məsələnin süni surətdə tənzimlənməsinin əleyhinəyik. Namizədlərimizi onların hansı cinsə mənsub olduqlarına görə deyil, fəallıqlarına görə müəyyənləşdirmişik. Gənclərə gəldikdə isə onların sayı kifayət qədərdi”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir  Əsədli məlumatında bildirib ki, partiyanın namizədləri arasında qadınlar və gənclər çoxluq təşkil edir: “Artq bu gün 20 səlahiyyətli və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin sənədləri MSK-ya təqdim olunub. Namizədlərimizin arasında qadınlar və xüsusən də gənclər çoxluq təşkil edir. Seçki çox mürəkkəb məsələdir. Aktiv seçici kütləsi, vətəndaşlarla işləyə bilən, cəmiyyətin qəbul etdiyi şəxsləri namizəd kimi irəli sürmüşük. Gərək şəxs namizəd olduğu seçki dairəsində seçicilər tərəfindən ciddi qəbul olunsun. Namizəd müəyyənləşdirilməzdən əvvəl sorğu da aparmışdıq, məsələn, bu dairədə filankəs namizədimiz olacaq, insanların ona münasibəti necədir. Fəaliyyətimizdə əsasən bunları nəzərə almışıq. Namizədimiz əsasən, partiya rəhbərliyinə daxil olan şəxslərdir. Namizədlərimiz arasında rayon təşkilatlarının sədrləri, Ali Məclis üzvləri, gənclər, qadınlar var.  Partiya üzvü olmayan ziyalıların da namizədliyini seçki dairələri üzrə irəli sürəcəyik. Ziyalılar bizə müraciət ediblər. Onların ictimai fəaliyyətini, seçici arasındakı hörmətini və nüfuzunu nəzərə alaraq öz siyahımıza daxil etmişik”.

Ümid Partiyası Ali Məclis sədrinin müavini, "125"lər Siyasi Klubunun sədr müavini Tamilla Qulami partiyanın namizədlər siyahısında gənc və qadınların namizədliklərinin tənzimləndiyini söyləyib: “Bu ilin seçki ili olmasına baxmayaraq müşahidələrdən görürük ki, hələ də ölkəmizdə seçki ab-havası hiss olunmur. Yeganə bu ab-havanı Ümid Partiyası və idarə heyətində olduğum 125-lər Siyasi Klubu digər siyasi təşkilatlardan fərqli olaraq daha aktiv hiss etdirir. Artıq namizəd olacaq üzvlərimiz də öz dairələrini təsdiqləyib. Hal-hazırda seçkinin son mərhələsindəyik, seçkiyə tam hazırıq deyə bilərəm. Fəaliyyətimizi qənaətbəxş hesab etmək olar. Ümumiyyətlə seçkidə iştirak etmək arzusunda olan hər bir namizəd öz gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətə verə biləcəklərini obyektiv dəyərləndirərək hərəkət etməlidir. Üzvlərimizdə gender bərabərliyi qorunmaqla yanaşı, sevindirici haldır ki, gənc və qadın üzvlərimizin namizədlikləri gözəl tənzimlənib. Belə ki, Ümid Partiyası və "125"lər Siyasi Klubu çərçivəsində açıqladığımız 70 namizəddən 30-a yaxın üzvümüz gənclər və xanımlardır. Aylardır səylə çalışan namizədlərimizə və seçkidə iştirak edəcək hər kəsə uğurlar diləyirik”.

Şərhlər