İlham Əliyev 2 ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul etdi

31.08.2015 14:57     Siyasi reaksiya     1956

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib.

Reaksiya.az xəbər verir ki, səfir Dan Stav fəxri qarovul dəstəsinin qarşısından keçib.

Dan Stav etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib

Səfir Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini deyib. Dövlətimizin başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini qəbul edib.

Səfir Yuris Maklakovs fəxri qarovul dəstəsinin qarşısından keçib.

Yuris Maklakovs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev əməkdaşlığımızın daha da genişləndirilməsi üçün təkcə ənənəvi deyil, eyni zamanda, yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Dövlətimizin başçısı Yuris Maklakovsun ölkəmizdəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. 

Şərhlər