"Orada cəmləşənləri müxalifətçi saymaq düz deyil"

31.08.2015 17:12     Siyasi reaksiya     2837

Meydan TV-nin qərəzli siyasi fəaliyyəti çoxumuza yaxşı məlumdur.  Ancaq son zamanlar getdikcə ampluasını daha da genişləndirib mənəvi dəyərlərimizə qarşı hücuma keçib. Bir-birinin ardınca dərc edilmiş bir neçə yazı bunun göstəricisidir. Bu günlərdə Meydan TV-də getmiş yazıların birində türk ordusu işğalçı kimi təqdim edilib. Daha bir yazıda isə Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəy təhqir edilib. Bu kimi yazılar əlbəttə ki, ilk deyil və son olacağını da heç kim deyə bilməz. Bəs, görəsən bütün bunların arxasında nə dayanır? Mənəvi dəyərlərimizə hücum çəkmək haqqını Meydan TV-yə kim verir?  

Reaksiya.az-ın məsələ ilə bağlı suallarını AsVision.az saytının baş redaktoru Vüsal Məmmədov cavablandırıb.

O, Meydan TV-nin istər formaca, istərsə də mahiyyətcə bir xəbər saytı deyil, ideoloji təxribat vasitəsi olduğunu bildirib: “Meydan TV-nin konkret missiyası var: Qərbdə bəzi dairələrin lazım bildiyi ideoloji virusları Azərbaycanda kütləvi şüura ötürmək. Və bir də, Azərbaycanı pisləmək üçün Qərbin, eləcə də Ermənistanın mediasını, siyasətçilərini, həmçinin ayrı-ayrı şəxsləri kompromatlarla təchiz etmək. Meydan TV bunun üçün yaradılıb, bunun üçün də fəaliyyət göstərir. Yəni missioner saytdır. İndiki məqamda qətiyyən aktual olmayan məsələlərə toxunması - Türk dilini, Azərbaycan-Türkiyə münasibətlərini çox təhlükəli şəkildə təftiş etməsi, Elçibəyi xəyanətkar “çıxarması” – hamısı bununla bağlıdır. Gəlin, açıq danışaq: Türkiyənən hansısa saytı Azərbaycan haqqında o cür yazı dərc etsə, biz necə yanaşardıq? Təbii ki, çox pis”.

Vüsal Məmmədov saytda yer almış son yazıların hansı məqsədə xidmət etdiyinə də aydınlıq gətirib: “Meydan TV bunu əlbəttə, başa düşür və qəsdən edir ki, ideoloji təxribat yaratsın, Azərbaycan-Türkiyə münasibətlərində heç olmasa ictimai səviyyədə qalmaqal çıxarsın. Çünki əgər belə ideoloji təxribatlar davam edərsə və Azərbaycan cəmiyyəti də buna kəskin yanaşmazsa, istisna deyil ki, mövzunu Türkiyə mediası tuta, məsələ orada ictimailəşə bilər. Ondan sonra “Milçək bir şey deyil, ürək bulandırır” məsəlindəki kimi olacaq. Bu, kimə sərfəlidirsə, Meydan TV də onların sifarişini yerinə yetirir”.

O, həmçinin, Meydan TV-də çalışanları bir qrup sistemdənkənar aqressiv dirənişçilər adlandırıb: “Həm Azərbaycan, həm də Türkiyədə Meydan TV-yə münasibət belə olmalıdır ki, bu, özünü Azərbaycan cəmiyyətindən təcrid etmiş bir dəstə avantüristin Qərbin pulları ilə işlətdiyi müvəqqəti layihədir. Orada cəmləşənləri heç müxalifətçi də saymaq düz deyil, onlar bir qrup sistemdənkənar aqressiv dirənişçilərdir, siyasi mövqelərinə görə daha çox anarxizmə yaxındırlar. Dirənişləri isə dövlətə və cəmiyyətə qarşıdır. Çünki bu dövlətin hüquqi və siyasi münasibətlər sistemində özlərinə yer tapa bilməyiblər”.

Şərhlər