"Azərbaycanlını türkdən qoruyanlar" - Fazil Mustafa
31.08.2015 18:12 Siyasi reaksiya 2842
Meydan TV-də getmiş "Türklərin işğal, qətliam və talanlarına "xilas"` adı qoymaq" başlıqlı yazıya millət vəkili Fazil Mustafadan tutarlı cavab gəlib.
Millət vəkili bu barədə öz facebook profilində yazıb:
"Azərbaycanlını türkdən qoruyanlar
“Meydan TV"də yerləşdirilən bu yazıya görə kimsəni alçaltmıram. Boynumuzda ödəyə bilməyəcəyimiz haqqı olan türk əsgərini aşağılamaq istəyənlərə, bu mövqeyi dəstəkləyənlərə sadəcə “vicdansızlar” deyirəm. Qafqaz-İslam ordusunun 30 mindən artıq türk müsəlmanı qətlə yetirilmiş erməniləri deyil, azərbaycanlıları qırmasını iddia etməyin başqa elmi, siyasi və sair cavabı yoxdur. Bir misal deyəcəyəm. 1918-ci ilin 29 mart qırğınında Lalayanın başçılığı ilə erməni dəstələri ələ geçirdikləri azərbaycanlı qadınlara təcavüz etdikdən sonra onları lüt şəkildə İçərişəhərin qaya divarlarına əllərindən asılı vəziyyətdə bağlatdırmışdı. Hər birinin cinsiyyət orqanına atəş açmağı əsgərlərə əmr edirdi. Beləcə işgəncə içində onlarla qadını öldürmüşdülər. Nuru Paşa şəhərə girəndə ermənilərin əsas qüvvələrini məhv edəndən sonra Ermənikənddə gizlənmiş Lalayanın təhvil verilməsini tələb etdi və bir saat vaxt verdi. Ermənilər məcbur qalıb onu təslim etdilər. Məhz həmin qala divarlarından eyni şəkildə araşdıraraq Lalayanın vücudunu gülləbaran etdirdi. İndi millətimizin namusunu qorumuş bu fədakar insanlara böhtan atmanın adı nədir? Bəli, Xiyabani türklərə qarşı ermənilərlə işbirliyi içində idi, ona görə Qarsa sürgün etdilər. Pişəvəri ermənilərin deyil, türklərin qətliamından xeyli qəzəblə yazırdı. Halbuki, Nəriman Nərimanov, Əzizbəyov belə öz bolşevik-erməni silahdaşlarının vəhşiliyindən necə sarsılmış olduqlarını dilə gətirdilər. Həmin Pişəvəri Rəsulzadəyə də etiraz edib ki, niyə ölkənin adını Azərbaycan qoyursan, bu ad ancaq İrana məxsusdur. Mən polemikanın əleyhinə deyiləm. Birbaşa məqsədyönlü böhtanın əleyhinəyəm. Yalançı "azərbaycançılar" son vaxtlar peyda olub, dilimizi, mədəniyyətimizi farsdan, rusdan, ermənidən deyil, məhz türkdən necə qorumağı qarşısına məqsəd qoyublar. Unutmayaq, Nuri Paşanın başçılığı ilə Qafqaz-İslam ordusu Azərbaycana gəlməsəydi, nəinki Bakı, heç Gəncə də əlimizdə qalmayacaqdı və dövlətimizin mövcud olub-olmayacağı şübhə altındaydı. Bəli, Türk ordusunu bura xahiş-minnətlə çağırmışıq, aylarla İstanbulda o zamankı böyüklərimiz danışıqlar aparıb. Mən Azərbaycanı sevirəm, ancaq bu, o demək deyıldir ki, Vətənimi, namusumuzu xilas etmiş insanların haqqını unutmalıyam? Allahın altında bu böhtançılarla bir teledebat imkanımız olaydı, dəfələrlə olduğu kimi, bu dəfə də əzbərlədikləri bu erməni tezislərini darmadağın edərdik. Oxuyun, o dövrdə Xoyskinin, Topçubaşovun, Rəsulzadənin bu ordu haqqında müsbət fikirlərini. Bəli, fikir ayrılıqları olub, hətta Nuri Paşa da daxil olmaqla Türk zabitlərinin Demokratik Cümhuriyyətə də münasibətləri sonra da rusların mövqeyinə uyğun olub, ancaq söhbət məhz o xilas tarixindən gedirsə, dürüst qiymət verməyimiz ancaq özümüzə şərəf gətirə bilər".
Şərhlər