Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandı

10.06.2015 13:32     Siyasi reaksiya     1875

Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Vladimir Putinin Azərbaycana işgüzar səfəriylə əlaqədar məlumat yayıb.
Reaksiya.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, RF prezidenti 12-13 iyun tarixlərində I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Azərbaycan Respublikasına səfər edəcək. Yarışlarda 360 Rusiya idmançısı iştirak edəcək. Onlar arasında 7 olimpiya çempionu və 34 dünya çempionu yer alır.


13 iyun tarixində Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar planlaşdırılır. Görüşdə ikitərəfli əlaqələr və aktual beynəlxalq məsələlər müzakirə ediləcək. Bununla yanaşı, səfər çərçivəsində digər ikitərəfli görüşlərin də keçiriləcəyi istisna edilmir.

Rusiya Federasiyası Prezidentinin mətbuat xidmətindən bildirilir ki, Azərbaycan – Cənubi Qafqazda və Xəzər regionunda Rusiyanın əhəmiyyətli strateji partnyorudur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə intensivliklə fərqlənir. Ölkələrimizin parlamentləri arasında fəal qarşılıqlı əlaqələr, həmçinin Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələri dinamik şəkildə inkişaf edir. 

2014-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollar səviyyəsinə çataraq rekord vurub. Bu göstərici 2013-cü il ilə müqayisədə 12% daha çoxdur. 2015-ci ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi 707 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründən 5,8% artıqdır.

Şərhlər

Çox oxunanlar