Rusiya ilə İranın yeni sazişi bölgəyə necə təsir edəcək?

02.09.2015 11:17     Siyasi reaksiya     2102

Xəbər verildiyi kimi, dünən Rusiya və İran arasında aviasiya mühərriklərinin və qaz turbinlərinin birgə istehsalına dair saziş bağlanıb.

Saziş Moskva ətrafındakı Jukovskidə keçirilmiş “MAKS-2015” aviasalonu çərçivəsində imzalanıb.  

İranın müdafiə nazirinin müavini Mənuçöhr Manteqi  İranın Rusiya mühərrikləri üçün geniş bazara çevriləcəyini və qaz turbinli mühərriklərin istehsalının təkmilləşdirilməsinə öz töhvəsini verəcəyini bildirib.

Reaksiya.az sazişin hansısa formada bölgəyə təsir edə biləcəyini araşdırıb.

Hərbi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı münasibət bildirib. O, Rusiya ilə İran arasında əməkdaşlığın uzun illərə söykəndiyini söyləyib: “Nəzərə alsaq ki, Rusiya ilə İranın birgə xeyli layihələri var və bu səbəbdən həm mülki, həm də hərbi təyinatlı məhsulların birgə istehsalı da qeyri-adi görünməməlidir. Ümumiyyətlə, Rusiyanın İranla əlaqələri artan xətt üzrə gedir. Bu saziş də qısa zamanda əldə edilmiş qərar deyil, bütün bu işlər uzun illərin nəticəsi olaraq həyata keçirilir”.

Ekspert bu sazişin Ermənistanın xeyrinə işləyəcəyini də gizlətməyib: “Hər zaman iki ölkə arasında xoş münasibətlər olub və bu münasibətlər bir növ Ermənistanın xeyrinə işləyir. Çünki həm Rusiya, həm də İran bu illər ərzində Ermənistana çox dəstək olublar. Mən bunu öz şəxsi müşahidələrim əsasında deyirəm. 2001-ci ildə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin rəhbərliyi altında Ermənistana səfərimiz zamanı İranın Ermənistana hansı maddi və mənəvi dəstəkdə olduğunun şahidi olduq. O üzdən də deyirəm ki, həm İran, həm də Rusiya ilə tərəfdaş olan ölkələr tərəfindən bu avadanlıqlardan istifadə edilməsi mümkündür”.

Üzeyir Cəfərov sazişin regiona necə təsir edə biləcəyinə də aydınlıq gətirib: “Bu sazişlərin regiona təsiri olub-olmamasına gəldikdə isə onu deyə bilərəm ki, əlbəttə, regiona təsiri olacaq. Əvvəla, istehsal olunan məhsul xoş niyyətdən irəli gəlirsə, sözsüz ki, regiona dinamika, inkişaf gətirəcək. Yox, əgər buraxılan məhsul insanların göz yaşıyla nəticələnəcəksə, əlbəttə ki, o məhsul regiona gərginlik gətirəcək. Təki regiona gərginlik və narahatçılıq gətirməsin. Azərbaycan hər zaman öz qonşuları ilə normal qaydada sivil münasibətlər qurmağa çalışıb. Ancaq təəssüflər olsun ki, bəzən bizim ürəyimizin yumşaqlığından özümüzə qarşı istifadə ediblər.  İstəməzdik ki, Rusiya ilə İranın birgə istehsal etdiyi həmin avadanlıqlar, hərbi və mülki təyinatlı məhsullar bizə narahatçılıq gətirsin”. 

Şərhlər