MDB-nin sonrakı taleyi necə olacaq? - Ekspert rəyi

02.09.2015 15:37     Siyasi reaksiya     2072

Vladimir Putin MDB-ni “Ölü doğulmuş uşaq” adlandırmışdı

Xəbər verildiyi kimi, sentyabr ayının 3-də Belarusun paytaxtı Minskdə MDB DİN rəhbərləri Şurasının iclası keçiriləcək.

İclasın gündəliyində MDB ölkələrinin hüquq-mühafizə qurumları arasında əməkdaşlığın prioritet məsələləri əsas yer alacaq. Forum çərçivəsində həmçinin, bir sıra ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. Belarusun DİN nümayəndəsinin məlumatına görə Ukrayna nümayəndələri keçiriləcək görüşdə iştirak etməyəcək.

Xatırladaq ki, Ukraynanın baş naziri Arseni Yatsenyuk və bu ölkənin DİN rəhbəri Arsen Avakov bir müddət əvvəl Ukraynanın avqustun 24-dən MDB məkanında cinayətkarların axtarışı və onlar barədə məlumatların mübadiləsi sistemindən çıxacağını bildirmişdilər. Bunun əvəzində Ukrayna qeyd olunan sahə üzrə ikitərəfli müqavilələrin əsasında əməkdaşlıq etməyi təklif edib.  

Ukraynanın iclasda iştirak etməyəcəyi xəbəri bir sıra məqamları özündə əks etdirir. Son hadisələr cəmiyyətdə MDB-nin çökməyə doğru getdiyi barəsində fikirlər formalaşdırır.

Reaksiya.az yayılan fikirlərə politoloq-ekspert Elman Nəsirovla aydınlıq gətirməyə çalışıb.

O, Ukrayna olmadan sözügedən təsisatların mövcudluğunun formal xarakter daşıyacağını bildirib: “Rusiya prezidenti Vladimir Putin vaxtilə MDB-ni “Ölü doğulmuş uşaq” adlandırmışdı. Lakin sonrakı mürəkkəb geosiyasi proseslər kontekstində Rusiya MDB-yə "ikinci nəfəs" vermək taktikasina üstünlük verdi. Bu, ilk növbədə MDB məkanında yeni inteqrasiya modellərinin ortaya atılmasında və onların reallaşması  istiqamətində müəyyən işlərin görülməsində özünü təsdiqlədi. Söhbət ilk növbədə MDB ölkələrinin iştirakı ilə Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin təsis edilməsindən gedir. Bir çox Qərb ekspertləri, eləcə də Rusiya mütəxəssislərinin mövqeyinə görə Ukraynasız sözügedən yeni təsisatların mövcudluğu formal xarakter daşıyacaq. Ukrayna de-yure MDB-dən çıxmasa da, de-fakto onu MDB-nin üzvü saymaq olmaz”.

Elman Nəsirov sabah baş tutacaq olan görüşdən də danışıb: “Elə bu gün Minskdə işə başlayacaq MDB DİN Şurasının iclasına Ukraynanın qatılmaması da yuxarıdakı fikirlərin təsdiqi kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən, ənənəvi olaraq Rusiyanın rəhbərliyi altında həyata keçirilən inteqrasiya proseslərinə hər zaman loyal mövqe nümayiş etdirən Belarus da son zamanlar Qərb dairələri ilə əvvəlki kimi sərt davranış sərgiləmir. Rəsmi Minsk Rusiya ilə münasibətlərdə də indi daha praqmatik siyasi kursa üstünlük verir. Bütün bunlar MDB-nin sonrakı taleyi ilə bağlı sualları kifayət qədər aktuallaşdırıb”. 

Şərhlər